×
A
A
A
Sazlamalar

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

Bakı, 9 dekabr, AZƏRTAC
“Saxlanılan hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə Azərbaycanla Ermənistan arasında razılıq müsbət addımdır. Bu addım ilk növbədə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan hərbçilərinə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının həsrət hissinə şərik olmasının nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev bu addımı atmaqla sübut edir ki, o, hər bir azərbaycanlının Prezidentidir. Eyni zamanda, hər bir azərbaycanlının ailəsinə, yaxınlarına qovuşması üçün əlindən gələni əsirgəməyən qalib ölkəmizin Prezidentidir”.

Mövzu barədə AZƏRTAC-a danışan hərbi ekspert Ədalət Verdiyev xatırladıb ki, dekabrın 7-də 32 nəfər erməninin Azərbaycandan Ermənistana qaytarılması barədə qərar qəbul olunub: “Mütləq qeyd etməliyik ki, Azərbaycan xalqına qarşı və bəşəriyyət əleyhinə müharibə cinayətləri törətmiş qondarma rejimin rəhbərləri bu siyahıda yer almır. Digər tərəfdən isə qarşılıqlı şəkildə Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun qurulması və müsbət addımların atılması gələcəkdə hər iki ölkənin kənar qüvvələr olmadan birbaşa sülh danışıqları çərçivəsində təmaslar yaratmasına da mühüm töhfə verə bilər”.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş nazirinin Aparatı arasında birbaşa danışıqların aparılması və hər iki ölkə arasında müəyyən razılıqların əldə olunması birmənalı şəkildə tərəflər arasında etimadın yaradılmasına dair ciddi addım kimi qəbul edilə bilər:
“Azərbaycan dəfələrlə qarşı tərəfə sülh sazişi ilə bağlı təkliflərini təqdim edib. Bunlara cavab müəyyən qədər ləngisə də, atılan sonuncu addımların uzun müddətdir gözlənilən sülhün bərqərar olunmasında tarixi fürsət kimi müsbət dəyərləndirilə bilər. Gələcəkdə də bu fəaliyyətin davam etdirilməsi sülhün əldə olunması üçün böyük ümidlər yaradır”.

Hərbi ekspert hesab edir ki, Azərbaycanın 32 erməni hərbçisini azad etməsi, Ermənistanın isə iki azərbaycanlı əsgəri ölkəmizə qaytarması barədə qərarlar gələcəkdə hər iki tərəfin qarşılıqlı sürətdə kənar qüvvələr olmadan və yaxın perspektivdə sülhün bərqərar olunmasına çox ciddi əsaslar yaradır: “Belə ki, Ermənistana qaytarılacaq şəxslərdən 26 nəfəri 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilən antiterror tədbirləri zamanı həbs edilib və onların da əksəriyyəti dörd ilədək həbs cəzasına məhkum olunmuşdu. Həmin şəxslər bu müddətin üç ilini, yəni cəzalarının böyük hissəsini artıq çəkiblər. Ona görə də 32 məhkumun azad olunmasında Azərbaycan qanunvericiliyi heç bir məhdudiyyət tətbiq etmir. Digər altı nəfər isə müxtəlif vaxtlarda Azərbaycan-Ermənistan sərhədində saxlanılmış şəxslər idi. Onlar da cəzalarının yarısından çoxunu çəkmiş hesab olunur”.
Ədalət Verdiyevin sözlərinə görə, bu proseslər ondan xəbər verir ki, Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqların aparılması daha məqsədəuyğun platformadır. Bu platforma əsasında üçüncü ölkənin vasitəçiliyindən istifadə edilməməsi sübut edir ki, Azərbaycan və Ermənistan vasitəçilərsiz sülh prosesində daha ciddi nailiyyətlər qazana bilərlər.
“Nəticə etibarı ilə Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu sahəsində kifayət qədər ciddi addımlar atılıb. Bu müzakirələrin davam etməsi hər iki ölkənin qarşılıqlı güvən və etimad mühitinin yaradılmasına böyük töhfə verir. Bu isə gələcəkdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əldə olunmasına münbit şərait yaradır”, - deyə Ədalət Verdiyev vurğulayıb.

Cəmiyyət 2023-12-09 19:05:00