×
A
A
A
Sazlamalar

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY


Bakı, 9 dekabr, AZƏRTAC
Zəfər Günü Azərbaycan xalqının ən əlamətdar günlərindən biridir. Həmin tarixi gün xalqımızın erməni faşizmi üzərində Qələbəsini, eyni zamanda, ərazilərimizin bərpa olunmasını tərənnüm edir. Bu, təkcə qəhrəmanlıq və vətənpərvərlik günü deyildi, həm də Azərbaycanın milli tarixində mühüm mərhələ, tarixi hadisə oldu. Qələbə münasibəti ilə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən parad da qalib xalqın təntənəsinin nümayişi, həm də işğalçı ölkəyə və onun havadarlarına sərt xəbərdarlıq idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O bildirib ki, Azərbaycan ərazisinin 30 illik işğalına son qoyan və ölkəmizin parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin başa çatması münasibətilə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən, irimiqyaslı və tarixi Zəfərimizin təsdiqi olan hərbi parad şərəfli tariximizə qızıl hərflərlə yazıldı. Xalqımızın bir qərinəlik arzusu olan Böyük Qələbə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də həyata keçirilən əks-hücum əməliyyatı qarşı tərəfin rüsvayçı məğlubiyyəti ilə bitdi. Milli birliyimizin rəmzi olan “Dəmir yumruq” əməliyyatı ədalətli mübarizənin, müasir dünyanın hərb tarixinin uğurlu döyüş taktikasının və ərazi bütövlüyümüzün bərpasının nümunəsinə çevrildi. Bakıda keçirilən Zəfər paradı təkcə regional deyil, həm də beynəlxalq miqyasda Azərbaycan Ordusunun qüdrətini və döyüş qabiliyyətinin nümayişi oldu. Bundan əlavə, Zəfər paradı Azərbaycanın böyük imkanlarının, o cümlədən dövlətin iqtisadi gücünün diktəsi ilə bəyan edildi.
Azərbaycanın milli dövlətçilik tarixində ilk dəfə olaraq belə möhtəşəm paradın keçirilməsi hər birimizə qürurlu və unudulmaz anlar yaşatdı. Siyasi, mənəvi, hərbi, suveren və digər əhəmiyyətinə görə əvvəlkilərə bənzəməyən bu möhtəşəm paradın tribunasında liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı bir yerdə görmək Türk dünyası adına xoş bir hadisəyə çevrildi.
Diqqətə çatdırılıb ki, məhz bu qardaşlığın nəticəsi olaraq bu gün istər regional proseslərdə, istərsə də qlobal hadisələrdə Azərbaycan-Türkiyə tandemi bütün sahələrdə həlledici rol oynayır. Heç kimə sirr deyil ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın dövlətlər yoxdur. Zəfər paradında iki Türk liderin iştirakı və dünyaya ünvanladıqları mesajları göstərmişdi ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da Türk dünyasının güclənməsinə öz töhfəsini verəcək. Bu, sıradan bir birlik yox, həm də sarsılmaz əbədi qardaşlıqdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev parad iştirakçıları qarşısında çıxışı, dünyaya önəmli mesajları son dərəcə əhəmiyyətli idi. Dövlətimizin başçısı Azərbaycan ərazilərinin işğalına son qoyduğunu, ədaləti və beynəlxalq hüququ bərpa etdiyini yüksək tribunadan elan etmişdi. Ordumuz müharibə qanunlarına hörmətlə yanaşaraq, mülki şəxsləri hədəf götürmədən Ermənistanı döyüş meydanında darmadağın edərək təslim olanlara belə ədalətlə, xalqımızın ruhuna uyğun humanistcəsinə yanaşdılar.
“İkinci Qarabağ müharibəsində iştirak edən və Azərbaycana əsir düşən erməni hərbçisinin ölkəsinə qayıtdıqdan sonra etirafları da bunun təsdiqidir. Bütün sosial şəbəkələrdə yayılmış həmin videoda erməni hərbçisi Azərbaycan hərbçilərinin cəsarətindən, mərdliyindən, eyni zamanda, alicənablığından söhbət açır, erməniləri azərbaycanlıları, Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu ordunu doğru qiymətləndirmədiyinə görə İrəvanın siyasi-hərbi rəhbərliyini ittiham edirdi.
Vətən müharibəsində həm də Azərbaycan xalqı böyüklüyünü, əzmini, uğura inamını, böyük Qələbə üçün birləşmək bacarığını bütün dünyaya göstərdi. Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə də atılmadan rəzil təslimçilik aktı ilə Azərbaycana qaytarıldı. Xalqımız təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə qələbə qazandı. Paradda, həmçinin Vətən müharibəsində Azərbaycan Ordusunun qənimət kimi götürdüyü düşmən hərbi texnikasının bir hissəsi, Şuşada dalğalanan qələbə bayrağı nümayiş etdirilmişdi. 44 günlük Vətən müharibəsinin nəticələrinin ictimai təsdiqinə çevrilmiş Qələbə paradının keçirilməsi həm də regionun tarixi inkişafında yeni dövrə qədəm qoymasının göstəricisi oldu”, - deyə R.Mahmudov vurğulayıb.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin müharibədən qabaq bəyan etdiyi kimi, biz müharibə istəmirik, istəyimiz davamlı sülhdür. Amma bizimlə müharibə istəyənlərin sonu faciəli olacaq. Belə də oldu. Bizimlə savaşmaq istəyənləri döyüş meydanında, diplomatik masada ağır məğlubiyyətə uğradan Prezident İlham Əliyevin xarizmatik liderliyi ilə xalqımızın haqqı olan Zəfər evimizə gəldi. Azərbaycan Lideri son 200 illik tariximizin ən böyük Qələbəsini təqvimin 2020-ci il 10 dekabr paradı ilə xalqımıza yaşatdı. Prezident İlham Əliyev uzaqgörən fəaliyyəti ilə bir daha sübut etdi ki, xalq, dövlət olaraq ən böyük Qələbəmiz İlham Əliyevin Lideri olduğu bir ölkənin vətəndaşı olmaqdır.

Ordu 2023-12-09 17:26:00