×
A
A
A
Sazlamalar

Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma etimad quruculuğu istiqamətində ciddi addımdır – RƏY

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan və Ermənistanın regionda çoxdan gözlənilən sülhün əldə olunması ilə bağlı atdığı addımlar təqdirəlayiqdir. Bu ondan irəli gəlir ki, dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artıb və istənilən təzyiqə sinə gərməyə qadirdir. Bunun nəticəsində Ermənistanla Azərbaycanın siyasi hakimiyyətləri tərəfindən razılaşma əldə olunub. Düşünürəm ki, razılaşma hazırda regionda qarışıqlıq salan dövlətlər üçün ən böyük cavabdır.

Bunu AZƏRTAC-a açıqlamasında “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.

O bildirib ki, razılaşmanın əsas prinsiplərindən biri hər iki ölkənin qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüklərini tanımasıdır. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazanması və 2023-cü ildə lokal antiterror tədbirlərini həyata keçirməsi həmin razılaşmaların Azərbaycanın maraqlarının təmin olunması üzərində qurulmasına imkan yaradıb.

Ən vacib məsələlərdən biri də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu və gələcəyə inamlı addımların atılması yönündə razılığın əldə edilməsidir. Bu təməl prinsiplər Azərbaycanın təklif etdiyi beş əsas baza prinsiplərindəndir.

“Baxmayaraq ki, Azərbaycanın silahsız əsgərləri öz yollarını azaraq qarşı tərəfə keçmişdilər, onlara Ermənistanda ömürlük həbs cəzası verilmişdi. Lakin Azərbaycan iqtidarının gücü, onun nüfuzu, məsələlərə təsiretmə aspekti humanizm dəyərlərini rəhbər tutaraq xoşməramlı addım olaraq reallaşdırılır. Bu baxımdan 32 erməni hərbçisinin azad olunmasının əvəzində əsirlikdə qalan iki Azərbaycan hərbçisi azad edilir. Əvvəllər də Dilqəm Əsgərovun və Şahbaz Quliyevin həbsdən azad olunması Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsi idi.
Qeyd edək ki, Xankəndi şəhərində yaşayan ermənilərin könüllü şəkildə ərazini tərk etməsini məkrli və mənfi şəkildə beynəlxalq təşkilatların diqqətinə çatdıran araqızışdırıcı və təxribatçı mövqedə dayanan dövlətlər həmin razılaşmadan çox məyus olacaqlar. Hesab edirəm ki, biz onların sonradan Ermənistanı silahlandırmasını və digər addımlar atacağını da görəcəyik”, - deyə E.Hüseyn vurğulayıb.

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində hərbi potensialı daha da artıb

Hərbi-siyasi ekspertin sözlərinə görə, bütün bu proseslər beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunu artıraraq onu aparıcı dövlətə və bu təşkilatların idarəedici orqanlarına çevrilməsinə səbəb olacaq. Bu isə Cənubi Qafqazda sülhə nail olmağa xidmət göstərəcək. Bu sülh razılaşması ilə Cənubi Qafqaz ölkələri iqtisadi, siyasi, sosial proqramları yerinə yetirərək dünyanın qloballaşan problemlərindən uzaq qalmağa nail olacaq.
Əslində, bu regionda gedən proseslərə baxsaq, bir həftə əvvəl ABŞ-da erməni-daşnak partiyasının və erməni diasporunun təsiri ilə Azərbaycana qarşı təzyiqlərin artması fonunda bəzi açıqlamaların verilməsinin şahidi olmuşuq. Bununla bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin ölkəmizə səfəri zamanı reallıqları görməsi və sonradan bu məsələlərə Azərbaycanın baxışı ilə yanaşması Prezident İlham Əliyevin uğurlarından biridir.
“Qloballaşan dünyada böyük güclərin bir-biri ilə mübarizə apardığı dövrdə Cənubi Qafqaz regionunun müharibə ocağına çevrilməməsi əsas strateji hədəflərdən biridir. Bu məqsədlə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindən sonrakı 3 il ərzində hərbi potensialını daha da artırıb. Bütün bunlar üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu ilə yanaşı, siyasi platformada ortaya qoyduğu qətiyyətli mövqeyi ilə Qərbi və Şərqi Avropa dövlətlərini Azərbaycana dost etməyi bacarıb.
Belə ki, uzun illərdir ATƏT-in Minsk qrupunun və digər təşkilatların ikili standartlarına baxmayaraq, həmin dövlətlərin mövqeyi əfsuslar olsun ki, birmənalı deyildi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına görə onların dövlətimizin başçısını təbrik etmələri, hətta bu proseslərə müsbət rəy vermələri ölkəmizin dünyada və qlobal müstəvidə artan nüfuzunun göstəricisidir”, - deyə Elmar Hüseyn fikrini yekunlaşdırıb.

Ordu 2023-12-09 11:25:00