×
A
A
A
Sazlamalar

İsveçrə süni intellekt sahəsində dünya liderinə çevrilmək istəyir

Bakı, 9 dekabr, AZƏRTAC

İsveçrə süni intellekt sahəsində dünya liderinə çevrilmək niyyətindədir. Bu məqsədlə ölkənin aparıcı ali məktəbləri “İsveçrə süni intellekti” adlı təşəbbüs həyata keçirməyə başlayıblar. Adıçəkilən təşəbbüs çərçivəsində “ChatGPT” kimi yeni “böyük dil modelləri” (LLM) işlənib hazırlanacaq və ali məktəblərdə təlim keçiləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla yanaşı, layihənin əsas məqsədi baza alqoritmlərinin yüksək şəffaflıq dərəcəsinə nail olunmasıdır.
“Hər kəsə aydın olmalıdır ki, bu modellər necə və hansı məlumatlar əsasında öyrənilib, yekunda əldə etdiyimiz nəticələrə necə nail olunub”, - deyə tədris işləri üzrə prorektor Yan Hesthaven vurğulayıb. “Swiss AI” təşəbbüsü çərçivəsində Sürix və Lozannanın ali məktəbləri 12-dək İsveçrə universiteti və institutunun artıq əldə etdikləri təcrübəni cəmləşdirmək niyyətindədirlər.
Bundan başqa, 2024-cü ilin fevralında Luqano şəhərindəki İsveçrə Milli Hesablama Mərkəzində İsveçrə istehsalı olan yeni “Alps” superkompüteri istismara buraxılacaq. Bildirilib ki, bu, dünyada hazırda ən güclü kompüterlərdən biri olacaq və İsveçrəyə dünya bazarında ciddi rəqabət üstünlüyü təmin edəcək.

Dünya 2023-12-09 04:08:00