×
A
A
A
Sazlamalar

Türkiyəli siyasi ekspert: Azərbaycan meydanlarda olduğu kimi, masa arxasında da Zəfər qazanır

İstanbul, 8 dekabr, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında etimadın artırılması istiqamətində atılan addımlar, Ermənistanın 2 Azərbaycan hərbçisini, Azərbaycanın isə 32 erməniəsilli şəxsi sərbəst buraxmaları ilə bağlı əldə olunan razılıq iki ölkənin sülh müqaviləsi istiqamətinə doğru getdiyini göstərir. Türkiyə Azərbaycanın yürütdüyü bu siyasəti hər platformada dəstəkləyir. Azərbaycan ilə Ermənistanın atdığı bu növbəti addım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Cənubi Qafqazda sabitlik üçün, ilk növbədə, Qafqaz altılığı olaraq irəli sürdüyü, daha sonra Qafqaz dördlüyü olaraq yenilədiyi təhlükəsiz bölgənin yaradılması baxımından da mühümdür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuz Aslan deyib.
Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlərin tanınmasına dair çıxışını xatırladan ekspert deyib: “Bunun sənəd halına gətirilməsi zəruridir. Vətən müharibəsində əldə olunan Zəfər və bunun ardından Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbiri ilə erməni tərəfi də Azərbaycanın üstünlüyünü qəbul edib. Bu, təbii ki, danışıqlar masasında da özünü göstərməlidir. İrəvandakı vəziyyətə baxdığımızda, orada istər ictimaiyyətdə, istərsə də siyasi çevrələrdə sülh üçün böyük bir istəyin olduğunu görürük”.
Hazırda Nikol Paşinyanın ölkəsini iqtisadi baxımdan dirçəltmək və xaricə bağlılığını azaltmaq istədiyinin müşahidə olunduğunu deyən Güngör Yavuz Aslan bildirib ki, bunun üçün Ermənistanın Türkiyə və Azərbaycan ilə iqtisadi, ticarət və siyasi problemlərini həll etməsi əsas şərtdir: “İmzalar atılmadan konkret şərh vermək çox çətindir. Çünki burada Ermənistanın indiyədək apardığı dəyişkən diplomatiyasını unutmaq olmaz. Lakin, onu deyə bilərəm ki, Azərbaycan Qarabağın işğaldan azad edilməsi istiqamətində meydanlarda əldə etdiyi Zəfəri və qəti iradəsini masa arxasında davam etdirir. Azərbaycan türklərinin meydanlarda olduğu kimi, danışıqlar masasında da Zəfər qazandığını görürük”.

Siyasət 2023-12-08 23:11:00