×
A
A
A
Sazlamalar

Azərbaycan “Avropada Təhlükəsizlik Çağırışları” adlı Beynəlxalq konfransda təmsil olunub

Zaqreb, 8 dekabr, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə Cənub-Şərqi Avropada Təhlükəsizlik üzrə Əməkdaşlıq Mərkəzi (RACVIAC), Almaniyanın Konrad Adenauer Stiftung Mərkəzi və Corc Marshall adına Avropada Təhlükəsizlik və Araşdırmalar Mərkəzinin Xorvatiya ofisinin birgə təşkilatçılığı ilə “Avropada Təhlükəsizlik Çağırışları” adlı Beynəlxalq konfrans keçirilib.
Konfransda Rusiya-Ukrayna müharibəsi və onun Avropa ölkələrinə təsiri, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, eləcə də Yaxın Şərqdə təhlükəsizlik sektorunda baş verən hadisələr geniş müzakirə olunub. Tədbirdə üzv ölkələrin Xarici və Daxili İşlər nazirliklərinin, Müdafiə nazirliklərinin nümayəndələri, təhlükəsizlik siyasətini müəyyən edən yüksək səviyyəli nümayəndələr, mövzu üzrə ekspertlər, eləcə də hökumət və qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər. Tədbirə fəxri qonaq qismində qatılan Xorvatiyanın müdafiə naziri Damir Krstiçeviç çıxış edib.
Beynəlxalq konfransın müxtəlif panellərində çıxış edən üzv ölkələrin nümayəndələri, hazırda bütün Avropa qitəsində sülhün və sabitliyin ciddi şəkildə sarsıldığını, Rusiya-Ukrayna müharibəsi nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, Yaxın Şərqdə baş verən toqquşmaların da Avropa qitəsinə ciddi mənfi təsir göstərdiyini diqqətə çatdırıblar. Çıxış edənlər, həmçinin baş verən münaqişələr nəticəsində Avropa qitəsində ciddi enerji probleminin meydana gəldiyini, ölkələrin bu məsələni həll etmək üçün müxtəlif yollardan istifadə etdiklərini, qitədə enerji probleminin həlli üçün ciddi addımların atılmasına ehtiyacın yarandığını, onun vaxtında həll edilməyəcəyi təqdirdə daha da ağırlaşacağını vurğulayıblar.
Konfransın enerji təhlükəsizliyinə həsr olunmuş panelində çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov, Azərbaycanın enerji sahəsində Avropanın mühüm tərəfdaşlarından olduğunu, cərəyan edən enerji böhranı fonunda ölkəmizin Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verdiyini diqqətə çatdırıb. Həmçinin ölkəmizdən Avropaya neft və qaz ixrac etmək məqsədilə müxtəlif boru kəmərlərinin çəkildiyini, eləcə də Azərbaycan tərəfindən Avropanın qaza olan tələbatının qarşılanması üçün Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda hasil olunan təbii qaz bu layihə çərçivəsində Avropanın bir sıra ölkələrinə ixrac olunur. Səfir bununla da ölkəmizin Avropanın mühüm enerji təminatçılarından birinə çevrildiyini diqqətə çatdırıb.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən şəhər və kəndlərin tamamilə dağıdıldığını qeyd edən səfir, hazırda həmin ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin aparıldığını bildirib. A.İmanov azad olunmuş ərazilərdə xarici sərmayələr üçün geniş imkanların yaradıldığını, ağıllı şəhər, ağıllı kənd və ekoloji təmiz layihələrin həyata keçirildiyini, Azərbaycan ilə sıx əməkdaşlıq əlaqələrinə malik olan ölkələrin şirkətlərinin həmin ərazilərdə fəaliyyət göstərmələri, investisiya yatırmaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, onları bu fəaliyyətlərə qatılmağa dəvət edib.
Səfir, həmçinin konfrans çərçivəsində tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallara cavab verib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

İqtisadiyyat 2023-12-08 21:00:00