Avstraliyada yaşayan Azərbaycan əsilli musiqiçi Diasporla İş üzrə Dövlət Komitəsinin qonağı olub
Bakı, 8 dekabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstraliyada yaşayan Azərbaycan əsilli pianoçu Boris Quslister ilə görüşüb.
Bu barədə AZƏRTAC-a komitədən bildirib. Görüşdə komitə sədri B.Quslisterin gələcəkdə Avstraliyada yaşayan Azərbaycan diasporunun fəaliyyətinə töhfələr verəcəyini, oradakı Azərbaycan və yəhudi icmaları arasındakı münasibətlərin gücləndirilməsində öz səylərini əsirgəməyəcəyini əminliklə diqqətə çatdırıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış etmək üçün Bakıda qonaq olan B.Quslister Azərbaycana səfərini təşkil etdiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, Azərbaycana ilk dəfə gəldiyini və Bakının gözəlliyinə heyran olduğunu, bundan sonra tez-tez ölkəmizə səfər edəcəyini və növbəti səfəri zamanı mütləq Şuşaya gedəcəyini bildirib. “Bakı” adlı orkestr yaratmaq istədiyini qeyd edən musiqiçi Avstraliyada həmin orkestrin çıxışı ilə geniş konsert proqramı təşkil etmək istəyini də dilə gətirib.
Görüşdə Azərbaycanın Avstraliyadakı diaspor fəaliyyəti, keçirilən tədbirlər, gələcəkdə mədəni sahədə həyata keçiriləcək layihələr və mədəni irsimizin təbliğinin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
B. Quslister 1952-ci ildə Bakıda anadan olub, orta və ali təhsilini də burada alıb. 1979-1987-ci illərdə İsraildə yaşayıb və çalışıb. Hazırda Avstraliya İttifaqının Melburn şəhərində yaşayır. ABŞ, Yaponiya, Danimarka, Çex Respublikası, Slovakiya, İslandiya, Tayvan və bir çox ölkələrdə konsert proqramları ilə çıxış edib.
Tədris Cərrahiyyə Klinikasında nadir cərrahi əməliyyat icra olunub
AQTA quş qripi və onun yayılma yolları ilə bağlı məlumat yayıb
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Kommunikasiya Strategiyasını uğurla icra edib
Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin üstü yanvar ayında 100 faiz açılıb