×
A
A
A
Sazlamalar

Ulu Öndər səhiyyəni cəmiyyətin həyatında ən mühüm sahə kimi qiymətləndirib

Zaqatala, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dekabrın 8-də Zaqatala şəhərində “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, səhiyyə işçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzüblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevanın “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu illərdə digər sahələrlə yanaşı, səhiyyənin inkişafına da böyük diqqət və qayğı göstərib. Ulu Öndər xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulayıb. Ümummilli Lider səhiyyəni cəmiyyətin və dövlətin həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dövrdən başlayaraq rayonlarda, xüsusilə ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində rayonlarda ixtisaslı həkimlərin, xüsusilə kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün Ulu Öndərin göstərişi ilə, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun sayı artırılıb, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edilib. Məhz bu kimi kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırılıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edib.
Tədbirdə YAP rayon təşkilatının sədri Habil Qurbanov, həkim-terapevt Məmmədrəsul Teyyubov, Dağlı kənd həkim məntəqəsinin müdiri Vaqif Bayramov, Mərkəzi Xəstəxananın feldşeri, Vətən müharibəsi iştirakçısı, qazi Aqşin Qurbanzadə çıxış edərək, Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb, Azərbaycanın ən yeni tarixinin Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və fəaliyyəti ilə bilavasitə bağlı olduğunu vurğulayıblar.
Qeyd olunub ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Ümummilli Liderin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır.
Tədbir bədii proqramla başa çatıb.

 

 

Regionlar 2023-12-08 16:49:00