×
A
A
A
Sazlamalar

Şahdağ Milli Parkının direktoru: Burada nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri qorunub saxlanılır VİDEO

İsmayıllı, 8 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Bu gün Şahdağ Milli Parkının yaranması gündür. Bununla əlaqədar olaraq, milli parkın İsmayıllı bölməsində tədbir keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin, meşə təsərrüfatının əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi iştirak edib.
AZƏRTAC xəbər verir ki, iştirakçılara milli parkın yaranması, flora və faunası, turizm potensialı, eləcə də parkın ərazisinə reintroduksiya edilmiş nəcib maral və zubrlar haqqında məlumat verilib.
Şahdağ Milli Parkının direktoru Nizamməddin Tağıyev bildirib ki, milli park ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə yaradılıb. İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərini əhatə edən, Cənubi Qafqazda ən böyük əraziyə malik olan Şahdağ Milli Parkı özünəməxsus rəng çalarları ilə ilin hər fəslində gözəldir.
“Milli Parkımız ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirərək biomüxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılmasına və ekoturizmin inkişafına xidmət edir. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 46 baş bizon gətirilib. Almaniyanın zooloji parkından gətirilən daha 10 zubrla birlikdə hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 61-ə çatıb”, - deyə o bildirib.
Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar mövcuddur. İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanı yaxından görmək mümkündür.
Qeyd edək ki, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə 3-ü dişi, 1-i erkək olmaqla, 4 nəcib maral buraxılıb. Hazırda isə maralların baş sayı təbii yolla artmaqla 7-ə çatıb. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi nəcib maralların ilkin olaraq Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini, sonra ölkənin müxtəlif bölgələrində maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur.

Regionlar 2023-12-08 16:45:00

Video