×
A
A
A
Sazlamalar

Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Elm və Təhsil Nazirliyinin dəstəyilə Bakı Ekspo Mərkəzində SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb.
Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.
İlkin olaraq “Yaxşıların yaxşısı” kateqoriyası üzrə qaliblər mükafatlandırılıb. Mükafatları Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
Sonra Baş nazirin müavini Əli Əhmədov qalibləri təbrik edərək bu yarışın istedadlı şagird və gənclərin üzə çıxarılması, onların kiçik yaşlardan bilik, bacarıqlarının artırılması, həmçinin ictimai fəallığın artması baxımından digər ölkələrdən olan həmyaşıdları ilə əlaqələr qurmaları üçün fürsət olduğunu vurğulayıb.
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Festivalda məğlub olan yoxdur, hər kəs qalibdir” fikrini vurğulayaraq bu təhsil bayramına qoşulan hər kəsə təşəkkürünü bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov öz növbəsində qalib komandaları təbrik edib, onlara uğurlar arzulayıb, həmçinin təşkilat komitəsinə belə bir festivalın həyata keçirilməsinə görə təşəkkürünü bildirib.
AMEA-nın prezidenti İsa Həbibbəyli çıxış edərək SAF 2023-ün əhəmiyyətini vurğulayıb.
Daha sonra digər qalib komandalara mükafatlar təqdim olunub.
Qeyd edək ki, festival dekabrın 4–dən 8-dək, ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Festivalda Türkiyə, Niderland, Çexiya, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistandan şagirdlər iştirak ediblər.
Beynəlxalq SAF 2023-də 27 komanda I, 73 komanda II, 67 komanda isə III yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.

Elm və təhsil 2023-12-08 16:33:00