×
A
A
A
Sazlamalar

Yığma üzvü: Milli komanda onların rəhbərliyi ilə çox yaxşı nailiyyətlər qazanacaq MÜSAHİBƏ

Bakı, 8 dekabr, AZƏRTAC

Kişi basketbolçulardan ibarət milli komandanın və “NTD-İndiqo”nun oyunçusu Elşad Şirzadov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Basketbol Liqasının 7-ci turunda mövsümün iddialı komandalarından “Neftçi”yə qalib gəldiniz. Oyunla bağlı təəssüratlarınızı eşitmək istərdik.
- Oyunun çətin keçəcəyini bilirdik. Heyətdə olan əcnəbi basketbolçular da görüşün nə dərəcədə əhəmiyyətli olduğunu dərk edirdilər. “Neftçi”nin “Sabah”a qalib gəldiyi matçdan sonra özünəinamı daha çox idi. Biz də final qarşılaşması kimi meydana çıxmışdıq. Şükür ki, qalib gəlməyi bacardıq.
- “Neftçi” ilə matçda topuğunuzdan zədə almısınız. Hazırkı durumunuz necədir?
- Topuğum çıxdığı üçün qarşıdakı iki oyunda komandama kömək edə bilməyəcəyəm. Zədəm bir az ciddidir.
- Azərbaycan Basketbol Liqasının bu mövsümündə “NTD-İndiqo”nun hədəfi nədir?
- Hədəfimiz çempion olub növbəti il “Sabah” kimi ölkəmizi avrokuboklarda təmsil etməkdir. İndi bunun üçün əlimizdən gələni edəcəyik.
- Azərbaycanda basketbolun inkişafı barədə nə deyə bilərsiniz?
- Son iki mövsümdə Azərbaycanda basketbolun səviyyəsi yüksəlib. Pandemiyadan əvvəl də oyunlar təşkil olunurdu. Ancaq belə yüksək səviyyədə deyildi. Hazırda komandaların sayı artıb və güclü oyunçular çempionatımıza cəlb olunublar. Ölkə çempionatın hər bir görüşü maraqlı keçir.
- Kişi basketbolçulardan ibarət milli komandamızın yeni baş məşqçisi Tahir Baxşıyev oldu. Bu təyinatla bağlı nə deyə bilərsiniz?
- Milli komandanı yerli məşqçinin çalışdırması sevindirici haldır. Hazırda yığma təcrübəli mütəxəssis olan Tahir Baxşıyevə həvalə olunub. Köməkçi məşqçi Anar Sarıyevlə də işləmişəm. O da yaxşı insandır. Tahir və Anar müəllim vaxtilə birlikdə oynadıqları üçün bir-birlərini yaxşı başa düşürlər. Məncə, milli komanda onların rəhbərliyi ilə çox yaxşı nailiyyətlər qazanacaq.
- Milli komanda 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya ilə eyni qrupda mübarizə aparacaq. Yığmanın şansları barədə fikirləriniz nədir?
-Ölkə çempionatının səviyyəsinin yüksəlməsi yerli basketbolçuların milli komandadakı çıxışına müsbət təsir edəcək. Həmçinin də Türkiyə klublarında oynayan Orxan Aydın, Hamza Donat kimi oyunçularımız var. Onların da bizə qoşulması yığmanı daha da gücləndirəcək. İlk matç səfərdə İsveçrəyə qarşı olacaq. Azarkeşlərimizi utandırmaq istəmirik.

 

İdman 2023-12-08 16:00:00