Heydər Əliyevin strateji yol dərsləri – məqalə
Bakı, 8 dekabr, AZƏRTAC
Ulu Öndər müasir Azərbaycanın milli inkişaf konsepsiyasının - yeni intibah yolu strategiyasının qurucusudur. Müasir müstəqil Azərbaycanı Respublikasının ideoloji-siyasi inkişaf yolunu müəyyənləşdirən, XX əsrin sonu dövlətçilik institutunu formalaşdıran Ulu Öndər Heydər Əliyevdir.
Bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri professor Rəna Mirzəzadənin AZƏRTAC-a təqdim etdiyi “Heydər Əliyev strateji yol dərsləri və dövlətçilik institutunun yeni intibahının siyasi sosiologiyası” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Bu yolda siyasi strateqin həyat və fəaliyyəti bütövlükdə Azərbaycanın XX əsr 70-ci illərindən XXI əsrə keçid ərəfəsi ilə yazılan siyasi tarixi sosiologiyadır. Bu yol üç mərhələdən - sovet, keçid ərəfəsi və postsovet dövründən ibarətdir. Sovet dövrü əsasən 1969-1986-cı illəri əhatə edir. Keçid ərəfəsi prosesləri 1987-1990-cı illərə aiddir. Üçüncü dövr isə Azərbaycanın dövlət müstəqilliyi mərhələsi, yəni 1991-2003-cü illərdir. Ulu Öndərin şəxsində bu dövrlər ümummilli birlik, həmrəyliyi təlqin edən, çoxvektorlu fəaliyyət, milli inkişaf nəzəri və təcrübi parametrləri ilə əhatə olunur.
Bu real gerçəklik müasir Azərbaycanda Heydər Əliyev dərsləri adlanır. Ulu Öndərin dövlət quruculuğu fəaliyyəti siyasətşünaslıqda Heydər Əliyev yolu adlanır. Bu yolda siyasi iradəli, peşəkar dövlətçi Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər Azərbaycanın siyasi-ictimai inkişaf dinamikasının ən mühüm iqtisadi-sosioloji prioritetlərini əhatə edir:
-Heydər Əliyev strateji yolunun məntiqi əsası - çoxsahəli inkişaf fəaliyyəti, bəşəri dünyagörüşü və zəngin milli mədəni-mənəvi, siyasi-hüquqi təlimi əxz edən dövlətşünaslıq quruculuğunun siyasi-ideoloji baxışlar sistemidir.
-Heydər Əliyev strateji yolunun qərar qəbuletmə kursu - dövlətçiliyin hüquqi, siyasi, iqtisadi, mənəvi, sosiomədəni institutlarının milli qanunvericilik əsasında formalaşmasıdır.
-Heydər Əliyev yolunun sosial-siyasi və iqtisadi xətti - Azərbaycan vətəndaşlarında milli dövlətçilik kimi ali dəyərli hissin, respublikada gedən geniş miqyaslı quruculuq proseslərinin həyata keçməsində, onların iştirakının siyasi-sosioloji gerçəklik intizamıdır.
-Heydər Əliyev yolunun hərbi-təhlükəsizlik xətti - demokratik yanaşma ilə milliliyə söykənən maraqlar və mövqe dəyərlərini ehtiva edən bitkin dövlət quruculuğunda xarici və daxili təhlükəsizliyin qorunmasıdır.
-Heydər Əliyev yolunun strateji platforması - suverenlik əldə etmiş ölkələrin dövlət quruculuğunun formalaşdırılması və tərəqqisi üçün təcrübədən keçmiş modeldir.
-Heydər Əliyev yolunun xarici siyasət kursu - Azərbaycanda milli dövlətçilik institutunun beynəlxalq müstəvidə imic və nüfuzunun yüksəldilməsi, xarici siyasətdə əlaqə və əməkdaşlığın inkişafı istiqamətində dövlətlərarası münasibətlərin maraq və mənafenin qorunma praqmatikliyində, milli birliyin və həmrəyliyin təminatında, diaspor və lobbiçiliyin qurulmasında öyrəniləcək dərslərdir.
-Heydər Əliyev yolunun siyasi qurtuluş sosiologiyası xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni düşdüyü xaosdan, parçalanma təhlükəsindən xilas etməsidir. Bu, Azərbaycan dövlətçilik tarixində xilaskar ölkə rəhbəri olmaq, xalqı səfərbər edən liderlik dərsləridir.
Heydər Əliyev ölkənin təhlükəsizliyinin təminatında, mürəkkəb geosiyasi vəziyyətdə, yeni dünya düzəninin tələbləri və geoiqtisadi reallıqları kontekstində müstəqil Azərbaycanın dövlətçilik institutunun Milli İnkişaf Strategiyasını elmi-nəzəri mətndə istiqamətləndirdi. 1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü, bəlkə də, politoloji anlamda desək, “vertikal” və “horizontal” siyasi bölünməyə məruz qala bilərdi. Yəni hüquqlar və məsuliyyət ayrı-ayrı dövlətlərin hökumətləri və digər beynəlxalq qurumlar arasında bölünə bilərdi. Bu mənada E.Toflerin milli dövlətlərin tədricən transmilli korporasiyaların təzyiqi ilə sıxışdırılıb “əriyib itəcəyi” ideyasının ölkədə proqnozlaşdırması da mümkün variant idi. Bu variantda isə ölkəni yalnız Ulu Öndər Heydər Əliyev qurtardı... İyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi tarixiləşdi. “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyən Ulu Öndər gerçək anlamda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas etdi.
Heydər Əliyev strateji yolu suverenliyə nə verdi..? Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin demokratikləşdirilməsi, plüralizm, ictimaiyyətlə hakimiyyət əlaqələrinin qurulması, bazar iqtisadiyyatına keçidin formalaşdırılması, ictimai-siyasi sabitlik, iqtisadi-sosial təminatın qurulması, idarəetmə və hakimiyyətin, ən əsası isə qanunvericilik bazasının yaradılması reallaşdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yazır: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün səhifələrində istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük”.
Heydər Əliyev yolunun strateji dəyişikliklər kursu az müddətdə ölkədə əsaslı dönüş yaratdı. Bu, bir neçə mərhələdə aparıldı. Öncə siyasi-ictimai sabitlik və güclü dövlət quruculuğu prosesinə istiqamət götürüldü. İkinci mərhələdə əsaslı iqtisadi islahatlar, inzibati strukturların demokratik əsaslarda və milli qanunvericilik mətnində yenidən qurulması, məhkəmə və parlamentin formalaşdırılması, vətəndaş cəmiyyətinə və çoxpartiyalı siyasi sistemə keçid, sosiomədəni yenilənmələr də siyasi-sosioloji paralelliyi təşkil edir. Heydər Əliyev Müstəqil Azərbaycanın güclü dövlət modelini quran rəhbərdir.
Üçüncü mərhələdə dövlətçiliyin milli ideologiyasının - azərbaycançılığın təminatı quruldu. Ölkədə məskunlaşan hər xalqın öz mədəniyyətinin, adət-ənənəsinin, həyat tərzinin hifz edilməsi, inkişafı, onların hüquqlarının müvafiq qanunlarla qorunması tənzimləndi. Bu zəmində də milli ideologiya -azərbaycançılıq birliyi ətrafında ölkə vətəndaşları sıx birləşdi. Ulu Öndər azərbaycançılıq ideyasını ideologiyaya - milli nəzəri konseptə çevirdi. Azərbaycançılıq ədəbi, mədəni-mənəvi, fəlsəfi dəyərlərlə yanaşı, sosiosiyasi məzmun daşıyaraq ümumi ideoloji təlim kimi milli dövlətçilik institutunun bölünməz tərkib hissəsi oldu. Bu baxımdan milliliklə dövlətçilik qovuşaraq onların vəhdəti təmin olundu.
Ulu Öndər xalqın ağır sınaqlardan keçən tarixlərinin bayram kimi qeyd edilməsini qanunla təsdiqlədi. Milli dəyərlərə, mənəvi adət ənənələrə hörmətlə yanaşan Ümummilli Lider, həmçinin müsəlmanların müqəddəs Ramazan, Qurban bayramlarını da müvafiq olaraq təqvimdə bayram günü kimi reallaşdırdı. Bu islahatlar milli dirçəliş, milli oyanış, milli özünüdərk kimliyinin azərbaycançılıq ideoloji mətnində vəhdətinin siyasi sosioloji intizamıdır.
Ümummilli Liderin idarəetmə strategiyasında çoxmillətli, çoxmədəniyyətli ölkənin xalqlarının milli dövlətçilik haqda istəkləri gerçəkləşdirildi. Azərbaycan vətəndaşlarının, xalqının və bu ərazidə yaşayan xalqların Milli Dirçəliş Siyasi Konsepsiyası zəruriləşdi.
Ulu Öndərin dövlət quruculuğu strateji yol kursunda milli dövlətçilik institutunun siyasi arxitekturasını, siyasi-hüquqi idarəçilik nəzəriyyəsini, dünyaya inteqrasiya istiqamətlərini, beynəlxalq əməkdaşlıq münasibətlərini müəyyənləşdirdi.
Heydər Əliyev yolunun siyasi sosiologiyası - yeni dövlətçilik institutunun cəmiyyətdə mahiyyəti və rolu, ideoloji plüralizm problemi, müstəqil respublikada çoxpartiyalı siyasi sistemin təşkili, yeni milli Konstitusiya, suverenliyədək heç bir idarəçilik formasının oxşarı olmayan fərdlə dövlət, cəmiyyətlə dövlət arasında əlaqə və s. bir nəzəri strateji yeni intibah irsidir.
Müstəqil Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə müasir, dünyəvi, dünya birliyi ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığa inteqrasiya yolunu tutan, suveren və demokratikləşməni həyata keçirən, hüquqi tənzimlənmə zəminində respublika olaraq tanınmağa və sayılmağa başladı. Ulu Öndərin dövlətçilik strategiyası yolunun əsası ilk milli Konstitusiyasının təsbitidir. Ulu Öndərin iqtisadi yol kursu - iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi etməsi xəttidir.
Yeni intibahın ilkin siyasi sosioloji göstəricisi ölkənin yeni iqtisadi inkişafının müəyyənləşməsində “Əsrin müqaviləsi”nin imzalanması xətti oldu.
Ulu Öndər bazar iqtisadiyyatına keçid dövründə tənəzzülə uğramış idman, mədəniyyət, təhsil, elm, səhiyyə, ümumilikdə sosial və humanitar sahənin də dirçəlişinə təkan verdi, dünya birliyi siyasətinə inteqrasiyanın təməlini yaratdı. Belə ki, müstəqil Azərbaycan BMT-dən sonra MDB-nin, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının və s. nüfuzlu qurumların üzvü oldu.
Ümummilli Lider BMT tribunasından ana dilində ilk çıxış edən Azərbaycan rəhbəridir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Ulu Öndər Azərbaycan dilini dövlət dili olaraq vətəndaşlara təlqin etdi, rəsmiləşdirdi. Bu da azərbaycançılığın əsas təməllərindən biridir.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun yenidən bərpasında, inkişafında Ulu Öndərin fikri, sözü, fərmanı, sərəncamı - imzası olmasın.
Azərbaycanlı tələbələr Romada toplaşıblar
Rəqəmsal inkişaf və nəqliyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
BMU-nun professoru Türkiyədə beynəlxalq mühəndislik zirvəsində çıxış edib
Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı barədə tədqiqat aparılıb