×
A
A
A
Sazlamalar

Sədr: Satışların artırılması biznesin dayanıqlı olmasında önəmlidir

Bakı 8 dekabr, AZƏRTAC

İstənilən mal və xidmətin təqdim edilməsi əsas iki mərhələdən keçir, bunun biri istehsaldırsa, digəri məhsulun satışıdır. Çox sevindirici haldır ki, son zamanlar bizim istehsalçılarımız ikinci mərhələyə kifayət qədər böyük əhəmiyyət verirlər. Satışların artırılması biznesin dayanıqlı olmasında olduqca önəmli bir məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “1-ci İstehsalat və İstehsal Texnologiyaları sərgisi”ndə deyib.
“Bu gün Azərbaycanda özəl sektorun inkişafı çox ciddi şəkildə dəstəklənir. Ölkə Prezidentinin bütün tapşırıqları hökumət qarşısında özəl sektorun dəstəklənməsi, sahibkarlığın inkişafı və istehsalın təşviq edilməsi istiqamətindədir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda kifayət qədər sahibkarlara dəstək mexanizmləri var. Güzəştli kreditlərin, startap şəhadətnamələrin verilməsi və digər istiqamətlər Azərbaycanda özəl sektorun inkişafına töhfəsini verir. Bu istiqamətlər içində istehsal xüsusi önəm kəsb edir. Çünki istehsal iqtisadiyyatın dayanıqlılığı deməkdir. İstehsal xarici valyutanın Azərbaycana daxil olması deməkdir. Bununla yanaşı, istehsal məşğulluq deməkdir”, - deyə. M.Abbasbəyli vurğulayıb.

İqtisadiyyat 2023-12-08 15:22:00