×
A
A
A
Sazlamalar

Silahlı münaqişə ocaqlarında həyat fəaliyyətinin təhlükəsizliyi problemi - elmi konfrans

Bakı, 8 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) birgə təşkilatçılığı ilə “Silahlı münaqişə ocaqlarında həyat fəaliyyətinin təhlükəsizliyi problemi” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev universitetdə belə vacib məsələlər ilə bağlı maarifləndirici konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb.
ATGTİ-nin sədri Pərviz Mirələmli təhsil müəssisələrində fövqəladə hallar zamanı icra olunmalı tədbirlərlə bağlı maarifləndirmənin vacibliyini qeyd edib.
Rəsmi hissədən sonra fövqəladə hallarla bağlı tələbələrin məruzələri dinlənilib. Məruzələrdən sonra FHN-in fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunub.
FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov məruzə edən gənclərin hazırlıq səviyyəsinin qürur doğurduğunu qeyd edərək belə əhəmiyyətli məsələlərin diqqətə çatdırılmasında göstərdikləri fəallığa görə təbrik edib.
Sonda konfrans iştirakçıları sertifikatla təltif edilib.

Elm və təhsil 2023-12-08 15:18:00