KİV: Mario Draqi Avrokomissiyanın sədri postuna əsas namizədlərdən biridir
Roma, 8 dekabr, AZƏRTAC
İtaliya Nazirlər Şurasının sabiq sədri Mario Draqi Avropa Komissiyasının rəhbəri postuna əsas namizədlərdən biri kimi göstərilir.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri və NATO-nun Baş katibi postlarını kimlərin tutacağı “köhnə qitə”də siyasi dəhlizlərdə əsas müzakirə mövzularından birinə çevrilib.
İtaliya mediasının yazdığına görə, Avropa İttifaqının “kral meykeri” sayılan Fransa Prezidenti Emmanuel Makron beş il əvvəl Ursula Fon der Lyayenin adını Avropa Komissiyasının sədrliyi üçün “papaqdan çıxardı”. Ursula Fon der Lyayenin namizədliyi Almaniyanın ovaxtkı Federal kansleri Angela Merkel ilə də razılaşdırılırdı. Bu addım Aİ-ni veto oyunu ilə bloklanan iflicin dərinliklərindən çıxardı.
Brüssel və Parisdəki diplomatik mənbələrə görə, Yelisey sarayının kirayəçisi dörd il yarım sonra eyni rolu oynamaq niyyətindədir. Emmanuel Makron İtaliyanın sabiq Baş naziri Mario Draqinin hazırkı qeyri-müəyyən kontekstdə nüfuzlu şəxsiyyət kimi Ursula Fon der Lyayenin yerini tutmasını istəyir. Fransa Prezidenti artıq bu barədə birinci müttəfiqi olan Almaniya Kansleri Olaf Şoltsla da müzakirələr aparıb.
KİV-in mülahizələrinə əsasən, Emmanuel Makron sabiq Baş nazir Mario Draqini Avropada suverenlərin hakimiyyətə gəlməsini dayandırmağa qadir nüfuzlu şəxsiyyət kimi görür. Ursula Fon der Lyayen isə NATO-nun Baş katibi postuna əsas namizəd göstərilir.
Söz-söhbətlərə baxmayaraq, Mario Draqi həmişə özünü bu postda yararsız hesab etdiyini bildirib. İtaliya hökumətinin isə bu məsələ ilə bağlı nə düşündüyünə gəldikdə, Baş nazir Ciorcia Meloni Avropanın icraedici orqanında müttəfiqlərindən birinin olmasında daha çox maraqlı ola bilər.
Xatırladaq ki, Mario Draqi 2022-ci il iyulun 21-də İtaliyanın Baş naziri postundan istefa verib. Onun başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu.
Qazaxıstanda AES ilə bağlı referendumda ilkin iştirak göstəriciləri açıqlanıb
İtaliyada “Boeing” üçün hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb
Belqradda keçiriləcək “Expo 2027” sərgisinin loqosu olan təyyarə təqdim edilib
Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq