×
A
A
A
Sazlamalar

Şərqşünaslıq İnstitutu illik hesabat verib

Hesabat ilində institutda elmi-tədqiqat işləri bir istiqamət, beş problem çərçivəsində aparılıb

 

Bakı, 8 dekabr, AZƏRTAC
2023-cü ildə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar aparıb və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetiriblər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri institutun 2023-cü ildəki fəaliyyətinin yekunları ilə əlaqədar dekabrın 8-də keçirilən hesabat iclasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva söyləyib. G.Baxşəliyeva institutun 2023-cü ildəki elmi fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb. Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, “Heydər Əliyev İli” çərçivəsində Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans, “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III şagird respublika elmi-praktik konfransı, silsilə seminarlar, sessiyalar, tədbirlər keçirilib, “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusu, beynəlxalq elmi konfransın tezisləri, “Unudulmaz lider” adlı kitab çap edilib.
İclasda hesabat ilində institut əməkdaşlarının elmi-tədqiqat işləri barədə məlumat verilib. Qeyd edilib ki, elmi-tədqiqat işləri bir elmi istiqamət, beş problem çərçivəsində aparılıb. Plan üzrə icra olunan 111 elmi-tədqiqat işindən 51-i başa çatıb, qalan işlərin 2023-cü il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.
İl ərzində institutda 26 kitab, monoqrafiya və məqalələr toplusu nəşr edilib, daha 13 kitab çapdadır. İnstitut əməkdaşlarının 450-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 72 elmi məqalə xaricdə (Türkiyə, İran, Rusiya, Ukrayna, Almaniya, ABŞ, İrlandiya, İsveç, İsveçrə, Pakistan, Özbəkistan, Qazaxıstan, İraq, Misir, Tunis, və s.) nəşr edilib.
İnstitut əməkdaşları 74 dəfə xaricdə (Türkiyə, İsveç, İsveçrə, Almaniya, Avstriya, Niderland, ABŞ, Britaniya, Braziliya, Çexiya, Fransa, Yaponiya, Polşa, Estoniya, İrlandiya, Ukrayna, Rusiya, Pakistan, Misir, Tunis, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s.) və 236 dəfə Azərbaycanda keçirilən beynəlxalq elmi konfranslarda məruzə ediblər.
Hesabatda 2023-cü ildə institutda xarici ölkələrin səfirləri, elm və dövlət nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, institutda kadr hazırlığı, elektron elmin vəziyyəti və digər məsələlər barədə də məlumat verilib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən akademik Nərgiz Axundova çıxış edərək Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, elmi müəssisənin fəaliyyətini müsbət qiymətləndirib.

Elm və təhsil 2023-12-08 15:01:00