×
A
A
A
Sazlamalar

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib VİDEO

Qəbələ, 8 dekabr, AZƏRTAC

Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə “Vüqar Həşimov Memorial-2023” superturnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ötənilki turnirin ən yaddaqalan anlarını özündə əks etdirən videoçarx yayımlanıb.
Açılış mərasimində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu cür turnirə ev sahibliyi etdikləri üçün qürur duyduğunu bildirib. O, memorialın keçirilməsinin Qəbələyə həvalə olunmasına görə Prezident İlham Əliyevə, həmçinin təşkilatçılara təşəkkür edib. S.Abdullayev qeyd edib ki, Qəbələdə bu cür turnirin təşkili böyük önəm daşıyır.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov “Vüqar Həşimov Memorialı”nın dünya şahmat təqvimində xüsusi yerə malik olduğunu söyləyib. O, Azərbaycan şahmatının uğurlarının V.Həşimovun adı ilə bağlı olduğunu bildirib. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu xatırladan federasiya rəhbəri ölkədə nüfuzlu idman yarışlarının keçirildiyini, onlardan birinin də Bakıdakı şahmat üzrə Dünya Kuboku olduğunu əlavə edib.
Turnirin Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov yarışda iştirak üçün dəvəti qəbul edən şahmatçılara minnətdarlığını bildirib. Dünya şahmatının korifeylərindən olan israilli Boris Gelfandın adını xüsusi vurğulayan Q.Həşimov tanınmış qrosmeysterin 2010-cu ildə Həştərxanda keçirilmiş dünya Qran-Prisində Vüqar Həşimova dəstək olduğunu xatırladıb.
Ardınca isə Qasım Həşimov Memorialı açıq elan edib. İştirakçılar səhnəyə çıxaraq şam ağacının üzərindəki oyuncaqları açaraq ilk turda üz-üzə gələcək cütlükləri müəyyənləşdiriblər. Beləliklə, açılış turunda Superturnirin baş hakimi beynəlxalq qrosmeyster İlahə Qədimova yarışın qaydaları ilə bağlı məlumat verdikdən sonra yarışın püşkü atılıb.
İlk turda Şəhriyar Məmmədyarov rumıniyalı Riçard Rapportla, israilli Boris Gelfand hindistanlı Arjun Eriqaisi ilə, Nicat Abbasov niderlandlı Yorden Van Forestlə, Teymur Rəcəbov hindistanlı Visit Santos Qucrati ilə, Aydın Süleymanlı isə Rauf Məmmədovla qarşılaşacaq.
Qeyd edək ki, “Vüqar Həşimov Memorialı” dekabrın 11-dək davam edəcək.

İdman 2023-12-08 14:05:00

Video