×
A
A
A
Sazlamalar

“Qarabağ”ın sabiq futbolçusu: Ağdam klubu Avropa Liqasının yarımfinalına kimi getmək gücündədir MÜSAHİBƏ

Bakı, 8 dekabr, AZƏRTAC
“Qarabağ”ın sabiq futbolçusu, hazırda İsveçdə yaşayan Yalçın Bağırov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Sabiq komandanız "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- "Qarabağ" Avropa Liqasında çox layiqli mübarizə aparır. Sadəcə, qrupda bizim üçün çətin rəqib Almaniyanın “Bayer” klubu idi. Onlar da Almaniya Bundesliqasının nəhəng komandalarından biridir. Səviyyə fərqinə baxmayaraq, Qurban Qurbanovun kollektivi Bakıda leverkuzenlilərdən xal almağa yaxın idi. Təəssüf ki, qapımıza son dəqiqələrdə təyin olunan penalti planlarımızın üstündən xətt çəkdi.
- Sizcə, "Qarabağ" Avropa Liqasında hara kimi irəliləmək gücünə sahibdir?
- "Qarabağ"ın heyətində bir-birini yaxşı anlayan Benzia, Zubir, Juninyo kimi oyunçular var. Düşünürəm ki, "Qarabağ" "Hakken"lə Bakıdakı oyunun birinci hissəsində oyunun taleyini həll edəcək. Növbəti mərhələ şanslarımız öz əlimizdədir. Komandamız Avropa Liqasının yarımfinalına qədər getmək gücündədir.
- Bu turnirdə “Qarabağ”ın hansı zəif nöqtələrinin şahidi oldunuz?
-“Qarabağ”ın problemi son dəqiqələrdə qol buraxmasıdır. Hətta ötən mövsüm “Nant”la Fransadakı oyunda xal almağa yaxın idi. Təəssüf ki, final fitinə saniyələr qalmış qapımızda gördüyümüz qol hər şeyi alt-üst etdi. Məncə bu komandanın geri çəkilməsi ilə bağlı da ola bilər.
- “Qarabağ” dekabrın 14-də Avropa Liqasının qrup mərhələsinin son oyununda Bakıda "Hakken"lə qarşılaşacaq. Rəqibin qrupda heç bir iddiası yoxdur. Ümumiyyətlə, İsveç klubları bu cür oyunlara necə hazırlaşır?
- Belə oyunlar hər zaman çətin olur. Çünki iddiası olmayan komandalar sürpriz edə bilirlər. İsveçdə ölkə çempionatı başa çatıb. "Hakken" də yeni mövsümə planlar qurur. Komandanın heyətində müqaviləsi başa çatacaq futbolçular var. Onlar daha yaxşı klublara keçmək üçün özlərini göstərmək istəyəcəklər. Skandinaviyalılar fiziki futbola daha çox üstünlük verirlər. Cinahlardan hücumlar zamanı təhlükə yaratmağı bacarırlar. Lakin “Qarabağ” heç bir halda oyuna rahat çıxmayacaq. Yenə də vurğulayıram, Qurban Qurbanovun kollektivi ilk hissədə matçın taleyini həll edəcək və ikinci hissəyə rahat çıxacaq.
- Azərbaycanlı futbolçu Musa Qurbanlı da İsveçin "Yurqarden" komandasında çıxış edir. Gənc oyunçu hələ də komandaya adaptasiya olmaqda çətinlik çəkir. Hətta bəzi oyunlarda əlinə düşən 100 faizlik qol imkanlarından yararlana bilmir. Musanın hazırkı durumunu necə şərh edərdiniz?
- Musanın İsveçdəki oyunlarına baxmışam. Düzdür, bəzi oyunlarda əlinə düşən fürsətləri boşa verir. Bu da adaptasiya ilə bağlı olan məsələdir. Zinəddin Zidan da “Real”a əvvəl gəldiyi zamanlarda çətinlik çəkirdi. Amma sonra Madrid təmsilçisinin tarixinə adını yazdırdı. İnsan evdən, yaxınlarından uzaq qaldığında problem yaşayır. Musa öz üzərində işləməlidir. Artıq son mövsümdə “Yurqarden”in heyətinə oyunlarda iştirak edərək təcrübə qazanıb. İnanıram ki, hər şey yaxşı olacaq.

 

İdman 2023-12-08 12:06:00