×
A
A
A
Sazlamalar

Bloomberg: Fələstin dövlətinin qurulmasına HƏMAS da cəlb edilə bilər

Bakı, 8 dekabr, AZƏRTAC

Qəzza sektoru, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına HƏMAS hərəkatı da cəlb edilə bilər.
AZƏRTAC xəbər verir ki, Fələstinin Baş naziri Məhəmməd Ştaye bunu Bloomberg agentliyinə müsahibəsində deyib.
“Əgər HƏMAS Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etsə, dialoq üçün fürsət yaranar. Fələstinlilər bölünmüş şəkildə yaşamamalıdır”, - deyə Baş nazir bildirib. Onun fikrincə, İsrailin HƏMAS-ı məhv etmək niyyəti real görünmür və hərəkatın nümayəndələri yeni rəhbərlik strukturuna daxil olmalıdır.
Məhəmməd Ştaye, həmçinin qeyd edib ki, hazırda Fələstin Administrasiyası ABŞ rəsmiləri ilə Qəzza sektorunun münaqişədən sonra idarə olunması üçün uzunmüddətli planı müzakirə edir. Tərəflər razılaşıb ki, İsrail Qəzza sektorunu işğal etməməli, bufer zonasını öz ərazisində yaratmalı və fələstinliləri vətənlərindən qovmamalıdır.

Dünya 2023-12-08 12:03:00