×
A
A
A
Sazlamalar

Gələn il Ağdam Sənaye Parkında 10-a yaxın müəssisənin açılışı planlaşdırılır – EKSKLÜZİV VİDEO

Ağdam, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Divar kağızları, ayaqqabı, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalını həyata keçirən müəssisələr... Ağdam Sənaye Parkının rezidentləri tərəfindən tikintisi aparılan bu müəssisələrdə işlərin 2024-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri Ağdam Sənaye Parkına gedərək, burada görülən işlərlə tanış olub.
Ümumi ərazisi 190 hektar olan Ağdam Sənaye Parkına hazırda 12 milyon manatdan çox investisiya yatırılıb. Sənaye Parkının rezidentlərinin bir çoxu tərəfindən tikinti və layihələndirmə işləri aparılır. Həmçinin Sənaye Parkında inzibati binanın, yarımstansiyanın tikintisi həyata keçirilir. Artıq “Yüksəl Beton” QSC-nin beton istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib ki, Ağdam sənaye parkında 25 sahibkarlıq subyekti artıq qeydiyyatdan keçib. İnvestorlar tərəfindən Sənaye Parkına 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Ondan çox rezident tikinti-quraşdırma işlərinə başlayıb. 2024-cü ilin yaz aylarının sonuna 7-dən çox müəssisəsinin açılışı gözlənilir. 25 sahibkarlıq subyektinin 10-dan çoxu aktiv tikinti-quraşdırma, digərləri isə layihələndirmə və ərazinin topoqrafik işlərini həyata keçirir. Artıq ayaqqabı, havalandırma sistemləri, Azərbaycanda ilk dəfə olaraq divar kağızlarının istehsalı, dəmir yolu xətləri üçün siqnallar və mikrosxemlərin istehsalı müəssisələrinin açılışı gözlənilir.

“Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri – “Tabaterra” şirkəti tütün istehsalı müəssisəsi tam olaraq Ağdama köçməyi planlaşdırır. Bu da 300-dən çox iş yerinin açılması deməkdir. Bu şirkət artıq öz işçiləri üçün Ağdam şəhərində mənzillərin alışı üçün də müraciət edib və bu onu göstərir ki, Ağdam Sənaye Parkına, ümumiyyətlə sənaye parklarına daxil olan şirkətlər korporativ sosial məsuliyyətlərini də dərk edirlər. İşçiləri üçün şərait yaradır, onların mənzillərlə təmin edirlər” – deyə Elşad Nuriyev bildirib.
Qeyd edək ki, Ağdam Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdamın coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək.

Sənaye parkında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki Ağdam Sənaye Parkında sahibkarların rahat fəaliyyət göstərmələri üçün hər bir şəraiti özündə cəmləşdirən mobil şəhərcik salınıb. Hazırda rezidentlər üçün infrastruktur sisteminin qurulması istiqamətində işlər görülür. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber optik xəttlərlə təmin edilirlər. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər tətbiq olunur. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə (hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi), iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (Əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkar tərəfindən istehsal prosesində istifadə edilən bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.

Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.

Regionlar 2023-12-08 10:53:00

Video