×
A
A
A
Sazlamalar

GDU-nun tələbəsi ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanıb

Gəncə, 8 dekabr, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin II kurs tələbəsi Ruqəyya Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Söz duyğusu, sənət sevdası” adlı ümumrespublika bədii qiraət müsabiqəsinin final mərhələsində uğur qazanıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müsabiqədə tələbəyə “Ən vətənpərvər ifa” nominasiyası üzrə diplom təqdim olunub.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanan Ruqəyya Əliyeva ilə görüşüb. Rektor universiteti layiqincə təmsil etdiyinə və uğur qazandığına görə tələbəni təbrik edərək, ona təhsilində uğurlar arzulayıb.
Görüş zamanı Ruqəyya Əliyeva ali təhsil ocağında tələbələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitə, eləcə də gənclərə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, “Söz duyğusu, sənət sevdası” adlı ümumrespublika bədii qiraət müsabiqəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunub. İki mərhələ və finaldan ibarət olan müsabiqəyə 100-dən artıq tələbə müraciət edib və 15 nəfər gənc final mərhələsinə yüksəlib.

 

 

Regionlar 2023-12-08 10:03:00