×
A
A
A
Sazlamalar

Naxçıvan teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edib

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 11-ci Beynəlxalq İzmir Teatr Festivalında iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən təşkil edilən festival çərçivəsində yaradıcı heyət teatrın baş rejissoru MirQabil Əkbərovun quruluş verdiyi “Edama məhkumun son günü” tamaşası ilə İzmir Mədəniyyət parkında qardaş ölkənin sənətsevərlərinin qarşısına çıxıb. Festivalda Azərbaycanla yanaşı İran, Serbiya kimi ölkələr və Türkiyənin müxtəlif şəhərləri təmsil olunub.
“Edama məhkumun son günü” tamaşasında rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, həmçinin gənc səhnə ustaları Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edirlər. Psixoloji dram janrında olan səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı isə Lamiyə Əliyevadır.
Tamaşada edama məhkum edilmiş atanın ölümü gözləyərkən keçirdiyi hisslər, sarsıntılar əks olunur.
Festival çərçivəsində, ümumilikdə, 26 tamaşa nümayiş olunacaq.

Regionlar 2023-12-08 09:45:00