×
A
A
A
Sazlamalar

Üçtərəfli formatda hərbi əməkdaşlıq regionda sülhə və sabitliyə böyük töhfədir – ŞƏRH

Bakı, 7 dekabr, AZƏRTAC
Noyabrın 27-də Bakıda üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri səviyyəsində onuncu görüş keçirildi. Görüş üç ölkə arasında mövcud olan müsbət, strateji səviyyəli dialoqun bariz nümunəsidir.
Bu fikirlər hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa Eldaroğlunun “Üçtərəfli formatda hərbi əməkdaşlıq regionda sülhə və sabitliyə böyük töhfədir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Müdafiə nazirləri üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş fikir mübadiləsi apardılar. Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı və hər üç ölkənin bu proseslərə verə biləcəyi töhfələrdən danışıldı.
Görüşdə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğu, eləcə də regiondan kənar qüvvələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbuledilməz olduğu da xüsusilə qeyd edildi.
Vurğulandı ki, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə nizamlanması zamanın ən vacib amilidir.
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə də görüşdə ətraflı fikir mübadiləsi aparıldı. Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyəti qeyd edildi. Bildirildi ki, birgə təlimlərin keçirilməsi hərbi birləşmələr arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərin yeni mərhələyə keçməsinə zəmin yaradacaq və nəticədə görülən bütün bu tədbirlər regional təhlükəsizliyə böyük töhfə verəcək.
İlk baxışda növbəti onuncu üçtərəfli formatda müdafiə nazirləri səviyyəsində görüşün keçirilməsində qeyri-adi bir hal yoxdur. Müzakirələr aparılır, fəaliyyətlər planlaşdırılır, gələcək planlar barədə fikirlər bölüşülür, tərəflərin maraqlarına cavab verən məsələlər müzakirə edilir. Lakin 44 günlük Vətən müharibəsindən - Azərbaycanın şanlı Qələbəsindən sonra regionda yaranmış yeni reallıqlar və müharibədən sonrakı vəziyyət nəzərə alındıqda aydın görünür ki, bu gün belə görüşlərin və region dövlətlərinin çoxtərəfli hərbi əməkdaşlığının rolu daha böyük əhəmiyyət kəsb edir.
Bununla bağlı fikir və mülahizələrimi bölüşmək istərdim.
Son 3 il ərzində Ermənistan Respublikası sülh danışıqları ətrafında ancaq imitasiya ilə məşğul olur, sərhədlərin delimitasiya və demarkasiyası prosesini hər vəchlə gecikdirməyə çalışırdı. Eyni zamanda, Azərbaycan ərazisində Ermənistanın qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğu davam edirdi. Bundan əlavə, bir neçə ay idi ki, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə intensiv atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis-istehkam cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin qalmasına və artmasına səbəb olurdu.
Qarabağ bölgəsində qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrin planlı şəkildə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, təlim-məşqlərin keçirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər ordumuz tərəfindən aparılan müşahidələrlə təsbit edilirdi. Bütün sadaladığım bu əməllər isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı ki, bu da yolverilməz idi. Belə olduğu halda üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun və suverenliyimizin tam bərpa edilməsi məqsədilə cari ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi bir gün ərzində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirildi.
Xüsusi olaraq qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində mülki əhali və infrastruktur obyektləri hədəf alınmadan Ermənistan dövlətinin qanunsuz olaraq Azərbaycan ərazilərində saxladığı bölmələrinin mövqeləri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı və Azərbaycanın suverenliyi tam bərpa edildi.
Bu il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü ilə əlaqədar hərbi parad keçirildi. Paradda antiterror tədbirləri zamanı qənimət kimi götürülmüş Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinə məxsus silah və texnikalar nümayiş etdirildi. Bu qənimətlər və hərbiləşmənin miqyası bir daha göstərdi ki, Ermənistan və bir sıra regiondan kənar qüvvələr regionda sülhün bərqərar olmasında maraqlı deyildilər.
Bu gün dövlətimiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.
Əfsuslar olsun ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən basdırılan minalar bu gün də insan itkisinə səbəb olmaqda davam edir. Müharibənin bitməsindən ötən müddət ərzində Ermənistan silahlı qüvvələrinin basdırdığı minaların partlaması nəticəsində 340 nəfər mülki şəxs və hərbi qulluqçu xəsarət alıb, onlardan 65 nəfəri həlak olub. Bu ərazilərin qısa zamanda yaşayış üçün tam yararlı olması məqsədilə minalardan təmizlənməsi işləri planlı şəkildə aparılır və bu məsələ ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Azad etdiyimiz ərazilərimizdə bərpa və yenidənqurma işləri, eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvasından didərgin düşmüş sakinlərinin öz doğma yurdlarına qayıtması prosesi sürətlə davam etdirilir. Dövlətimiz yeni və müasir infrastrukturun yaradılması sayəsində işğalın acı və ağır nəticələrini aradan qaldırmağa səy göstərir.
Hesab edirəm ki, Azərbaycan-Türkiyə-Gürcüstan dövlətləri arasındakı səmimi münasibətlər və qarşılıqlı etimad, həmçinin bu ölkələrin müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığı, sülh naminə tərəfdaşlıq sahəsində hər kəsə örnək ola biləcək nümunədir. Bu mənada, qonşu dövlətlərin üçtərəfli birgə fəaliyyətləri regionda sabitliyin qorunub saxlanılmasına və dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş sülhməramlılıq mesajı kimi qiymətləndirilməlidir.
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığı digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də uğurla davam edir. Üç ölkə arasında mövcud əməkdaşlıq formatı dövlətimiz üçün böyük əhəmiyyətə malikdir. Əsrlər boyu bu xalqlar mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar. Bu gün də dövlət başçılarının rəhbərliyi ilə bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlətlər arasında yüksək səviyyəyə çatmış münasibətlər onların xalqlarının iradəsini və maraqlarını əks etdirir. Əməkdaşlıq münasibətləri bu ölkələrin və bütövlükdə regionun inkişafı və təhlükəsizliyin təmin olunması üçün çox vacib şərtlərdən biridir.
Hesab edirəm ki, Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən onuncu görüşü müdafiə qurumları, eləcə də ölkələr, xalqlar arasındakı əməkdaşlığı, dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək. Dövlətlər arasındakı əlaqələrin mühüm tərkib hissələrindən biri də enerji və nəqliyyat sahəsində əməkdaşlıq perspektivləridir. Bu kontekstdə regional əməkdaşlıq bu ölkələrə böyük fayda gətirir. Birgə həyata keçirilən iri infrastruktur layihələri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi Azərbaycan-Gürcüstan-Türkiyə arasında uğurlu əməkdaşlığın nümunələridir. Onların birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Bu baxımdan regionda həyata keçirilən irihəcmli, dünya miqyaslı iqtisadi layihələrin mühafizəsi böyük əhəmiyyətə malikdir.
Onu da qeyd etmək yerinə düşər ki, bu gün müasir dünyada baş verən hadisələr, yeni çağırışlar və təhdidlər qarşılıqlı məsləhətləşmələrin aparılmasını, mövqelərin uzlaşdırılmasını zəruri edir. Bu şəraitdə ölkələrin müdafiə potensialı bizim təhlükəsizliyimizə əsas zəmanətdir. Bu baxımdan regionun təhlükəsizliyinə təhdid törədən terrorizmlə, separatizmlə və digər belə mənfi təzahürlərlə mübarizədə səylərin birləşdirilməsi olduqca vacibdir.
Azərbaycan daim Türkiyənin və Gürcüstanın üzləşdiyi problemləri tam ciddiyyətlə, anlayışla qarşılayır və bütün zamanlarda olduğu kimi, hazırda da bu məsələlərə həssaslıqla, diqqətlə yanaşır. Azərbaycan Respublikası Türkiyənin terrorizmə qarşı qətiyyətli mübarizəsini və Gürcüstanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünü daim dəstəkləyir.
Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, son zamanlar regiondan kənar bəzi qüvvələrin regional məsələlərə müdaxilə etmək cəhdləri müşahidə edilir. Bəzi qüvvələr məqsədyönlü şəkildə qərəzli və ziddiyyətli bəyanatlar səsləndirirlər. Belə cəhdlər və Ermənistanın məqsədyönlü şəkildə silahlandırılması regiondakı vəziyyətin gərginləşməsinə səbəb olur. Regiondan kənar qüvvələrin Ermənistanı silahlandırmaq cəhdlərinə imkan verilməməsi və şərait yaradılmaması regional sülhün və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq açıq-aydın görünür ki, regionda sülhün, sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinin yolu yalnız mehriban qonşuluq əlaqələrinin qurulmasından, xalqların maraqlarının ədalətli təmin olunmasından, qarşılıqlı anlaşmadan və etimaddan keçir.
Vurğulamaq istəyirəm ki, hər üç dövlətin Silahlı Qüvvələrinin üzərinə düşən vəzifələrdən biri də bölgədə sabitliyin qorunub saxlanılmasını, həmçinin bu ölkələri birləşdirən irihəcmli iqtisadi layihələrin təhlükəsiz şəkildə icra edilməsini, xalqların maddi rifah halının yaxşılaşdırılmasına bəhrələr verməsini təmin etməkdir. Hər üç dövlətin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər məhz həmin vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə xidmət edir. Hesab edirəm ki, üçtərəfli hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi və regionda baş verən hadisələrin müştərək olaraq qiymətləndirilməsi məqsədilə mütəmadi olaraq Azərbaycan, Gürcüstan, Türkiyə Müdafiə nazirliklərinin rəhbərlərinin və nümayəndə heyətlərinin görüşlərinin davam etdirilməsi zamanın tələbidir və zəruridir. Üçtərəfli təlim-məşqlərin və treninqlərin əhatə dairəsinin genişləndirilməsi də vacib amildir. Mühəndis-istehkam sahəsi üzrə təlim və treninqlərin keçirilməsi müasir mərhələdə böyük əhəmiyyət kəsb edir. Bu sahədə geniş imkanlar mövcuddur və keçirilən təlimlərdə istehkamçıların iştirakı, onların peşə bacarıqları ilə bağlı təcrübə mübadiləsinə şərait yaradacaq və nəticədə mühəndis-istehkam bölmələrinin döyüş hazırlığının yüksəlməsində, eyni zamanda, peşəkarlıqlarının artmasında mühüm rol oynayacaq.
Bununla yanaşı, hərbi tibb, hərbi təhsil, idman və hazırda dünyada ən çox müzakirə olunan kibertəhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığımızda artıq müsbət dinamika var. Düşünürəm ki, sadaladığım istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, perspektivlərin, mövcud imkanların müzakirəsi məqsədilə bu sahədə çalışan mütəxəssislərin işçi görüşlərinin keçirilməsinin mütəmadi olması da müvafiq istiqamətlərdə nailiyyətlərin əldə edilməsinə, eləcə də fəaliyyətlərimizin əlaqəli şəkildə həyata keçirilməsinə müsbət təsir göstərəcək.
Düşünürəm ki, haqqında danışdığım sahələrdə üçtərəfli əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün yeni layihə və təşəbbüslər üzərində işlər mütəmadi olaraq davam edir.
Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq formatında ölkələrin ordu mənsublarının iştirakı ilə keçirilən Xüsusi Təyinatlı Qüvvələrin “Qafqaz Qartalı”, “ETERNİTY” kompüter dəstəkli birgə komanda-qərargah təlimləri, Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin iştirakı ilə təşkil olunan digər təlimlər ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olmaqla yanaşı, artıq digər ölkələr üçün də nümunə ola biləcək uğurlu regional əməkdaşlıq mexanizminə çevrilib.
Üç dost və müttəfiq ölkə arasında bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də işgüzar əməkdaşlığın genişlənməsi bundan sonra da bu xalqların xoşbəxtliyinə, maraqlarının qorunmasına və dövlətlərin güclənməsinə xidmət edəcək.
Əminəm və inanıram ki, müdafiə sahəsində əməkdaşlığımızın genişlənməsi, yalnız ölkələri üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin möhkəmlənməsinə və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verəcək. Bu da öz növbəsində regionun gələcəyinin sülh və əmin-amanlıq şəraitində bərpasında əhəmiyyətli rol oynayacaq və baş verə biləcək hadisələrə, ölkələrin suverenliyinə yönəlmiş təhdidlərə qarşı daha hazırlıqlı olmağımızı təmin edəcək.

Ordu 2023-12-07 17:10:00