×
A
A
A
Sazlamalar

Türkiyə ilə Azərbaycan arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlar müzakirə olunub

Bakı, 7 dekabr, AZƏRTAC

Bakıda keçirilən 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb.
Ordu generalı İ.Özsert hərbi institutun “Fəxri qonaqlar kitabı"nı imzalayıb.
Türkiyəli nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Görüşdə hər iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb. Türkiyəli nümayəndə heyəti keyfiyyətli təhsilin təşkili məqsədilə hərbi institutda yaradılan şəraitlə tanış olub. Qonaqlara institutda icra edilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib.

Ordu 2023-12-07 15:59:00