“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər başlayıb
Bakı, 6 dekabr, AZƏRTAC
“Azərbaycan Könüllülük Həftəsi 2023”ün başlamasının elanı ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı Könüllülük Həftəsinin “Vətənpərvərlik”, “Təhsil və elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyə” kimi istiqamətlərə əsaslanacağı və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən könüllüləri əhatə edəcəyi bildirilib.
Mətbuat konfransında qeyd edilib ki, Prezident İlham Əliyevin hər zaman nəcib bir fəaliyyət kimi dəyərləndirdiyi və diqqət ayırdığı könüllülük fəaliyyəti bu gün institusional səviyyədə inkişaf edib.
Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Könüllülük Həftəsi”nə start verildiyi gün 15 şəhər və rayonda könüllülər tərəfindən şəhid və qazi ailələrinin ziyarəti keçirilib, eyni zamanda region ərazilərində Şəhidlər xiyabanına yürüş edilib və təmizlik aksiyaları təşkil olunub.
Mətbuat konfransından dərhal sonra Azərbaycan Könüllüləri, rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını ziyarət edərək, müharibə iştirakçısı olmuş könüllülərlə görüş keçiriblər.
Qeyd edilən istiqamətlər arasında dekabrın 6-da fəaliyyətə başlayan və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Vətənpərvərlik” istiqaməti üzrə “Könüllü Qəhrəmanlarımız” layihəsi reallaşıb.
Azərbaycan Respublikası Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə 2018-ci ildən etibarən başlayan və hər ilin dekabr ayında həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 2023-cü ildə də bir-birindən fərqli layihə və tədbirlərlə yadda qalacaq.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
Ermənilərin Cənubi Qafqaz və Anadoluda cinayətləri mövzusu Ankarada geniş müzakirə edilib
FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb