DOST RİM “World Finance” beynəlxalq qurumunun "Dünya Maliyyə İnnovasiya Mükafatları" müsabiqəsinin qalibi olub
Bakı, 6 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) nüfuzlu “World Finance” beynəlxalq qurumunun (Böyük Britaniya) "Dünya Maliyyə İnnovasiya Mükafatları" müsabiqəsinin qalibi seçilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST RİM müsabiqədə proaktiv xidmətlər mexanizmi layihəsi ilə iştirak edib. Layihə müsabiqədə yüksək dəyərləndirilib və Mərkəz "Rəqəmsal texnologiya sahəsində ən innovativ şirkət - 2023" kateqoriyası üzrə qalib elan olunub. Qaliblərin siyahısı təşkilatın saytında (https://www.worldfinance.com/innovation-awards) “Winners 2023” bölməsində yerləşdirilib.
“World Finance” beynəlxalq qurumundan bildirilib ki, DOST RİM dövlət sektorunun modernləşdirilməsinə vahid yanaşma nümayiş etdirib. Mərkəz transformativ təsir və innovasiyaları rəhbər tutaraq, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına və proaktiv xidmət mexanizminin genişləndirilməsinə görə qalib elan edilib.
Qeyd edək ki, bununla da DOST Agentliyi və onun DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən son iki ildə 17 beynəlxalq mükafat, 4 beynəlxalq İSO sertifikatı əldə olunub.
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
İtaliyanın “RAI” telekanalı Azərbaycandan reportaj yayımlayıb