×
A
A
A
Sazlamalar

Ceyhun Sultanov: "Qarabağ" bu çıxışı ilə növbəti çempionluğa doğru getdiyini göstərir

Bakı, 6 dekabr, AZƏRTAC

"Neftçi" və "Sabah"ın avrokuboklardan sonra zəif çıxış etməsi müəmmalıdır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Premyer Liqada geridə qalan on beş turu şərh edərkən deyib.
Veteran yarımmüdafiəçi ölkə çempionatının əvvəlki illərlə müqayisədə maraqlı keçdiyini bildirib: "Qarabağ" bu çıxışı ilə növbəti qızıl medallara doğru getdiyini göstərir. Keyfiyyətli liqanın şahidi olmasaq da, maraqlı matçlar izləyirik. Düşünürəm ki, çempionatın səviyyəsinin sona qədər bu cür qalması müsbət hal olacaq".
O, Premyer Liqada çıxış edən komandaların cari mövsümdə ağıllı futbol oynadığını söyləyib: "Mənə görə çempionatımızda "Araz-Naxçıvan", "Səbail" və "Sumqayıt"ın performansı, "Zirə"nin lider olması sürprizdir. Klublar bu mövsüm çox gücləniblər".
C. Sultanov mövsümün sonunda elitanı tərk etməyə əsas namizəd hesab etdiyi komandanın adını da açıqlayıb: "Qəbələ" və "Kəpəz" qonşu pillələrdə olsalar da, "qırmızı-qaralar" şərait, oyun baxımından gəncəlilərdən üstündür. Adil Şükürov "Kəpəz"ə gedəndə ona səbir diləmişdim. Çünki çox çətin olacaq. Hazırkı vəziyyətdə yeni oyunçular cəlb edib keyfiyyəti artıra bilməyəcəklərsə, heç nə dəyişməyəcək. Komandanın çıxışını maksimum 5 faiz dəyişə bilərsən, ancaq digər nüanslar keyfiyyətə bağlı olacaq. Düşünürəm ki, belə davam etsə, "Kəpəz" mövsümü sonuncu pillədə başa vuracaq".
Qeyd edək ki, Premyer Liqada 15 turdan sonra turnir cədvəlinə 32 xalla “Qarabağ” başçılıq edir.

İdman 2023-12-06 10:43:00