Naxçıvanda “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib
Naxçıvan, 5 dekabr, Gülməmməd Əliyev, AZƏRTAC
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Əczaçılar Klubunun təşkilatçılığı ilə keçirilən foruma tibb və əczaçılıq sektorunun tanınmış iş adamları dəvət edilib.
Tədbirdən əvvəl qonaqlar Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin önünə gül dəstələri düzüb və Heydər Əliyev muzeyini ziyarət ediblər.
Forum Naxçıvan Mərkəzi Xəstəxanasının akt zalında öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov forum iştirakçılarını salamlayaraq, Naxçıvanda səhiyyə sahəsində aparılan islahatlar, gələcək layihələr haqqında məlumat verib. Qeyd olunub ki, Naxçıvanda sahibkarlığın inkişafı üçün yaradılan imkanlardan tibb və əczaçılıq sahəsində çalışan iş adamlarının da faydalanması Naxçıvan səhiyyəsinin inkişafına bilavasitə təsir edəcək. Forumda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov, Əczaçılar İctimai Birliyinin sədri Şövqi Bünyatov və Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin sədri Günel Əliyeva çıxış edərək Naxçıvanda ilk dəfə keçirilən forumun respublikamızda əczaçılıq sektorunun gələcək inkişafı üçün yeni yollar açacağına əminliklərini ifadə ediblər.
Sonra forum “Səhiyyədə özəl sektorun inkişafı”, “Dərman təminatının müasir idarə edilməsi” mövzularında panellərlə işini davam etdirib. İki ardıcıl paneldə moderatorların rəhbərliyi ilə mövzularla bağlı ətraflı müzakirələr aparılıb.
Sabirabad sakinindən 6 kiloqram narkotik vasitə və odlu silah götürülüb
Bərdədə avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatı dayanıb
İmişlidə pambıqçılıq üzrə son 10 ilin maksimum məhsuldarlığı qeydə alınıb