×
A
A
A
Sazlamalar

Ötən ay Naxçıvanda 876 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb

Naxçıvan, 5 dekabr, AZƏRTAC

Vətəndaş müraciətlərinə əsasən, cari ilin noyabr ayı ərzində Naxçıvanda, ümumilikdə, 876 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.
Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövrdə 689 texniki sənəd hazırlanıb. Həmçinin ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 93 daşınmaz əmlaka ünvanlar verilib. Naxçıvan Muxtar Respublikasında Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi, qanunvericiliyə uyğun olaraq ünvan məlumatlarının yenilənməsi və sistemləşdirilməsi məqsədi ilə Babək və Şahbuz şəhərlərinin yeni ünvan xəritələrinin layihəsi hazırlanıb.
Daxil olan vətəndaş müraciətlərinə əsasən, ötən ay əmlakların məhdudiyyət və yüklülüyünə dair 153 arayış verilib, müvafiq dövr ərzində hüquqi və fiziki şəxslər tərəfindən elektron xidmətlərə 105 müraciət daxil olub. “ASAN xidmət” Mərkəzində göstərilən müvafiq xidmət növləri üzrə ümumilikdə 736 müraciət icra üçün qəbul olunub.
Hesabat ayı ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 925 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binası sənədləşdirilib.

Regionlar 2023-12-05 16:31:00