×
A
A
A
Sazlamalar

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib, idarə heyətinə yeni üzv seçilib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan Badminton Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, hesabat-seçki xarakterli yığıncaqda federasiyanın baş katibi Ramil Hacıyev qurumun 2023-cü ildə fəaliyyətinə dair hesabatla çıxış edib. Qarşıdakı ildə görüləcək işlər və hədəflər barədə məlumat verib. Vurğulanıb ki, bu il beynəlxalq arenada 8-i qızıl olmaqla 30 medal qazanılıb. Ötən il isə bu rəqəmin 20 medal təşkil etdiyi bildirilib.
Azərbaycanın bir sıra beynəlxalq yarışlara və Avropa Badminton Konfederasiyasının konqresinə ev sahibliyi etdiyi xatırladılıb, bu idman növünün regionlarda inkişafı ilə bağlı bir sıra proqramların həyata keçirildiyi diqqətə çatdırılıb.
Ardınca badminton üzrə milli komandanın baş məşqçisi Morteza Validarvi idmançıların beynəlxalq turnirlərdə çıxışı və 2023-2028-ci illəri əhatə edəcək 5 illik strategiya ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycan Badminton Federasiyasının marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimlik istiqamətinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandanın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov təqdimatla çıxış edib.
Ardınca idarə heyətinin üzvlüyünə seçki keçirilib. Gender bərabərliyinin təmin olunması məqsədi ilə ümumi səsvermə əsasında İlahə Əmirbəyova idarə heyətində Mirzə Orucovu əvəzləyib. M. Orucov isə idarə heyətinin fəxri üzvü seçilib. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov bu idman növünün inkişafında müstəsna xidmətləri olan M. Orucova xüsusi xatirə hədiyyəsini təqdim edib.
Federasiya prezidentinin müşaviri Çapay Məmmədov qurumun rəsmi saytında IT platforma, idmançıların reytinqinin hesablanması ilə bağlı sistemi təqdim edib. T. Ziyadovun sədrliyi ilə keçirilən yığıncaqda üzvlərlə açıq müzakirə təşkil edilib. İclasın yekununda çıxış edən federasiya prezidenti iki il ərzində kifayət qədər iş görüldüyünü bildirməklə yanaşı, komitələrin fəaliyyəti ilə bağlı qeydlərini bölüşüb.

İdman 2023-12-05 15:40:00