×
A
A
A
Sazlamalar

Energetika haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

1-ci fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. energetika – enerjinin kəşfiyyatı, işlənilməsi, hasilatı, emalı, istehsalı, saxlanılması, alqı-satqısı, idxalı, ixracı, nəqli (ötürülməsi), paylanması və istifadəsini ehtiva edən iqtisadiyyat sahəsi;
1.1.2. energetika sahəsində fəaliyyət – bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan və bu Qanuna uyğun olaraq həyata keçirilən fəaliyyət növləri;
1.1.3. energetika obyekti – enerjinin istehsalı, emalı, nəqli (ötürülməsi), paylanması və saxlanılması üçün istifadə olunan avadanlıq, qurğu və onlara aid tikililərin məcmusu;
1.1.4. energetika subyekti – energetika sahəsində fəaliyyət növlərindən birini və ya bir neçəsini həyata keçirən hüquqi və ya fiziki şəxs;
1.1.5. energetika şəbəkəsi – enerjinin nəqli (ötürülməsi) və paylanması üçün nəzərdə tutulmuş avadanlıq, qurğu və onlara aid tikililərin məcmusu;
1.1.6. enerji (enerji resursları) – bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, enerji, elektrik, istilik enerjisi və digər enerji formaları;
1.1.7. enerji balansı – enerji təhlükəsizliyinin təmin edilməsi, enerjiyə olan tələb və təklifin proqnozlaşdırılması və onun göstəricilərinin yerinə yetirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ayrı-ayrı enerji növləri üzrə uçot göstəriciləri sistemi;
1.1.8. enerji istehlakçısı (istehlakçı) – öz ehtiyacları üçün enerjini satın alan fiziki və ya hüquqi şəxs;
1.1.9. qeyri-məişət istehlakçısı – bu Qanunun 1.1.10-cu maddəsində nəzərdə tutulan istehlakçılar istisna olmaqla, digər enerji istehlakçısı;
1.1.10. məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda, qarajlarda və digər oxşar tikililərdə məişət ehtiyacları üçün elektrik və ya istilik enerjisindən, habelə təbii qazdan istifadə edən fiziki şəxs;
1.1.11. sərbəst istehlakçı – illik elektrik enerjisi sərfiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə və ondan yuxarı olan istehlakçı;
1.1.12. sərbəst olmayan istehlakçı – illik elektrik enerjisi sərfiyyatı bu Qanunun 1.1.11-ci maddəsində nəzərdə tutulan həddən aşağı olan istehlakçı;
1.1.13. səlahiyyətli təchizatçı – sərbəst olmayan istehlakçıların, habelə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hallarda sərbəst istehlakçıların elektrik enerjisi ilə təchizatını həyata keçirən hüquqi şəxs.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

Maddə 2. Energetika sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Energetika sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanunlarından və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında energetika sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun energetika subyektlərinə, dövlət orqanlarına (qurumlarına) və tənzimləyiciyə, habelə enerji istehlakçılarına şamil olunur.
3.2. Bu Qanun Azərbaycan Respublikasının ayrı-ayrı qanunları ilə təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və Azərbaycan Respublikasının qanunları ilə təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil edilir.
3.3. Bu Qanun enerjinin avtomobil, dəmir yolu, hava və su nəqliyyatı vasitələri ilə daşınmasına, həmçinin nüvə materiallarının idxalına, ixracına, istehsalına, saxlanılmasına və emalına şamil olunmur.

2-ci fəsil
Energetika sahəsində fəaliyyətin əsasları

Maddə 4. Energetika subyektlərinin fəaliyyəti

4.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda energetika sahəsində fəaliyyət növləri icazə əsasında həyata keçirilir. İcazələrin verilməsi və ləğvi qaydası, icazələrin müddəti bu Qanun, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilir.
4.2. Karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi, hasilatı, neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəqli, elektrik enerjisinin paylayıcı şəbəkəsinin, qazpaylayıcı şəbəkənin və qaz anbarlarının idarəetməyə verilməsi, habelə energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilmiş digər hallarda energetika sahəsində fəaliyyət həmin fəaliyyətə icazə almış energetika subyekti və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Maddə 5. Energetika sahəsində fəaliyyət növləri

5.1. Energetika sahəsində aşağıdakı fəaliyyət növləri həyata keçirilir:
5.1.1. enerji resurslarının kəşfiyyatı;
5.1.2. enerji resurslarının işlənilməsi və hasilatı;
5.1.3. enerji resurslarının emalı;
5.1.4. enerjinin istehsalı;
5.1.5. enerjinin saxlanılması;
5.1.6. enerjinin nəqli (ötürülməsi);
5.1.7. enerjinin paylanması;
5.1.8. enerjinin idxalı və ixracı;
5.1.9. enerjinin topdan və (və ya) pərakəndə satışı;
5.1.10. təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.

3-cü fəsil
Energetika sahəsində dövlət siyasəti və dövlət nəzarəti

Maddə 6. Energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri

6.1. Energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
6.1.1. energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;
6.1.2. energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;
6.1.3. energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;
6.1.4. bu Qanunla və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;
6.1.5. enerji istehlakçılarının hüquqlarının müdafiəsi;
6.1.6. energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.

Maddə 7. Energetika sahəsində dövlət tənzimlənməsinin məqsədləri və dövlətin vəzifələri

7.1. Energetika sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır:
7.1.1. enerji təhlükəsizliyinin təmin edilməsi;
7.1.2. energetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
7.1.3. istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz enerji ilə təmin edilməsi.
7.2. Energetika sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
7.2.1. sağlam rəqabət mühitinin formalaşdırılması və inkişafının təmin edilməsi;
7.2.2. təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
7.2.3. beynəlxalq və regional əməkdaşlığın inkişafı, özəl investisiyaların dəstəklənməsi;
7.2.4. əlverişli investisiya mühitinin yaradılması;
7.2.5. enerji istehlakçılarının hüquqlarının müdafiəsinin, o cümlədən sərbəst istehlakçıların enerji təchizatçısını seçmək hüququnun təmin edilməsi;
7.2.6. bərpa olunan enerji mənbələrindən istifadənin dəstəklənməsi;
7.2.7. enerji səmərəliliyinin dəstəklənməsi;
7.2.8. ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.

Maddə 8. Tənzimləyici

8.1. Energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması və dövlət energetika siyasətinin məqsədləri ilə uzlaşdırılmasını təmin etmək, energetika sahəsinə yeni subyektlərin daxil olmasını təşviq etmək və əlverişli şərait yaratmaq, həmçinin tənzimlənən sahələrdə daxili bazarın beynəlxalq bazara inteqrasiyasını təmin etmək məqsədilə energetika sahəsində fəaliyyətin tənzimlənməsi tənzimləyici tərəfindən həyata keçirilir.
8.2. Tənzimləyicinin statusu, fəaliyyətinin hüquqi əsasları və prinsipləri, tənzimlədiyi energetika sahəsinin sektorları və obyektləri, tənzimləmə üsulları, məqsəd və vəzifələri, funksiya və səlahiyyətləri, məsuliyyəti, strukturu və işinin təşkili, o cümlədən digər dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri qanunla müəyyən edilir.

Maddə 9. Energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması

9.1. Energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması aşağıdakılar vasitəsilə təmin edilir:
9.1.1. dövlət tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, energetika sahəsində malların, işlərin, xidmətlərin qiymətlərinin tələb-təklif əsasında formalaşdırılması;
9.1.2. qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, energetika subyektlərinin fəaliyyətinə dövlət tərəfindən müdaxilə edilməməsi;
9.1.3. energetika subyektləri arasında, habelə energetika subyektləri ilə enerji istehlakçıları arasında münasibətlərin müqavilə əsasında tənzimlənməsi;
9.1.4. energetika sahəsində inhisarçılığın yaranmasına, rəqabətin digər şəkildə məhdudlaşdırılmasına və (və ya) haqsız rəqabətə qarşı tədbirlər görülməsi.
9.2. Energetika sahəsində təbii inhisar subyektlərinin fəaliyyət sahələri “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir və həmin Qanuna uyğun olaraq həyata keçirilir.

Maddə 10. Energetika sahəsində ayrı-seçkiliyin qarşısının alınması

10.1. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər bir energetika subyekti və istehlakçı heç bir maneə və ya ayrı-seçkilik olmadan energetika sahəsində fəaliyyət göstərən təbii inhisar və ya dövlət inhisarı subyektinin mal, iş və xidmətlərini, dövlət tərəfindən tənzimlənən qiymətlər tətbiq edilməklə və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən normativ hüquqi aktlarla və ya normativ xarakterli aktlarla müəyyən edilmiş şərtlərlə əldə etmək hüququna malikdir.
10.2. Təbii inhisar və ya dövlət inhisarı subyekti bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hüququ təmin etməkdən yalnız inhisarçı mövqe tutan müvafiq energetika obyektlərinin və ya energetika şəbəkələrinin həcmləri və ya gücləri çatışmadıqda, tənzimləyici tərəfindən müəyyən edilmiş obyektiv texniki və iqtisadi meyarlarla əsaslandırmaqla imtina edə bilər. Energetika subyekti və ya istehlakçı imtinanın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə tənzimləyiciyə müraciət etmək hüququna malikdir. Tənzimləyici imtinanın əsassız olduğunu müəyyən etdikdə, onun tələbi ilə təbii inhisar və ya dövlət inhisarı subyekti öz mal, iş və xidmətlərinin energetika subyekti və ya istehlakçı tərəfindən əldə edilməsini təmin edir.

Maddə 11. Energetika sahəsində qiymətlərin (tariflərin) formalaşdırılması

11.1. Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə qiymətlər (tariflər) “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
11.2. Tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınır.
11.3. Energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətlər energetika subyektləri tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Maddə 12. Energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığının təmin edilməsi

Energetika subyektləri, habelə onların təqdim etdiyi mallar, işlər və xidmətlər haqqında məlumatlar həmin malları, işləri və xidmətləri təqdim edən energetika subyektlərinin rəsmi internet səhifələrində və ya mediada açıqlanır.

Maddə 13. Energetika sahəsində fəaliyyət növlərinin ayrılması

Energetika sahəsində azad və sağlam rəqabətin təmin edilməsi və rəqabətin məhdudlaşdırılmasının qarşısının alınması məqsədilə energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarda bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan fəaliyyət növlərinin maliyyə, funksional, hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması üzrə tədbirlər və onların eyni zamanda həyata keçirilməsinə dair məhdudiyyətlər müəyyən oluna bilər.

Maddə 14. Hesabların ayrılması

14.1. Energetika subyektləri qiymətləri tənzimlənən və tənzimlənməyən hər bir fəaliyyətlə bağlı mühasibat uçotunu ayrı aparmalıdırlar. Hər bir fəaliyyət üzrə, həmçinin mənfəət və itkilər üzrə hesabatlar ayrıca tərtib olunmalıdır.
14.2. Energetika subyektləri qiymətləri tənzimlənən və tənzimlənməyən hər bir fəaliyyətlə bağlı bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim edirlər.
14.3. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq energetika subyektləri illik maliyyə və digər hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlayır və həmin hesabatların hər il müstəqil auditor tərəfindən yoxlanılmasını və dərc edilməsini təmin edirlər.

Maddə 15. Enerji istehlakının təmin edilməsi

15.1. Enerji istehlakçısı ilə ona xidmət göstərən energetika subyektinin qarşılıqlı hüquq və öhdəlikləri bu Qanun, energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlar nəzərə alınmaqla, enerji istehlakçısı ilə energetika subyekti arasında bağlanılan müqavilə ilə tənzimlənir.
15.2. Energetika subyekti normativ hüquqi aktlara zidd olan və ya icrası qeyri-mümkün şərtləri, tələbləri və öhdəlikləri enerji istehlakçısının üzərinə qoya bilməz.
15.3. Sərbəst olmayan istehlakçıların elektrik enerjisi təchizatı üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli təchizatçı müəyyən edilir. Sərbəst olmayan istehlakçılar elektrik enerjisini yalnız səlahiyyətli təchizatçıdan ala bilərlər.
15.4. Sərbəst istehlakçı enerji təchizatçısını seçmək hüququna malikdir.
15.5. Enerji istehlakçıları istehlak edilən enerjinin sərfiyyatını sayğacların göstəriciləri əsasında ödəyirlər. İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
15.6. Enerji istehlakçısı istehlak etdiyi enerjiyə dair ətraflı məlumat almaq hüququna malikdir. Enerji təchizatçısı tərəfindən enerji istehlakçısına təqdim edilməli olan məlumatın məzmunu tənzimləyici tərəfindən müəyyən edilir.
15.7. Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazlar texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğun olmalı və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmalıdır.

4-cü fəsil
Enerji təhlükəsizliyi

Maddə 16. Ölkənin enerji təhlükəsizliyinin təmini

16.1. Ölkənin enerji təhlükəsizliyi aşağıdakı vasitələrlə təmin edilir:
16.1.1. enerji mənbəyi olan təbii ehtiyat yataqlarının işlənilməsi və hasilatının, enerji istehsalının və saxlanmasının, idxalı və ixracı üzrə öhdəliklərin ölkənin perspektiv inkişaf planları və proqnozlaşdırılan enerji tələbatı ilə uzlaşdırılması;
16.1.2. bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının genişləndirilməsi;
16.1.3. enerji ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyini təmin etmək üçün tələb olunan səviyyədə saxlanılması;
16.1.4. enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və enerji effektivliyinin artırılması.
16.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədə müxtəlif enerji və yanacaq növlərinə tələbata, eləcə də enerji istehsalına dair qısamüddətli və uzunmüddətli proqnozlara əsaslanan enerji balansına uyğun olaraq həmin proqnozlar əsasında enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.

Maddə 17. Enerji balansı

17.1. Enerji balansı bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq energetika subyektlərindən alınan məlumatlar (enerjinin istehsalı həcmləri, enerjinin təchizatı üzrə öhdəliklər), habelə enerjinin istehlakına dair məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib edilir.
17.2. Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 18. Energetika sahəsində təhlükəsizlik

18.1. Energetika obyektlərinin tikintisinə, istismarına və texniki təhlükəsizliyinə dair tələblər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Texniki təhlükəsizlik haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilir.
18.2. Energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarda energetika obyektlərinin mühafizəsi ilə əlaqədar tələblər müəyyən edilə bilər.
18.3. Energetika obyektləri “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılır.

5-ci fəsil
Energetika sahəsində dayanıqlı inkişaf

Maddə 19. Energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi

19.1. Energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi üçün dövlət aşağıdakı tədbirləri görür:
19.1.1. energetika sahəsində rəqabətin inkişafı, enerji təhlükəsizliyi üzrə tələblər nəzərə alınmaqla, energetika sahəsinin dövlətsizləşdirilməsi, təbii inhisar vəziyyətindən rəqabət şəraitinə keçidin təşviq edilməsi;
19.1.2. enerji mənbəyi olan təbii ehtiyat yataqlarının işlənilməsi və enerjinin hasilatı, emalı, istehsalı və saxlanması üzrə fəaliyyətin, enerjidən istifadənin ekoloji tarazlığın pozulmasına yol verilmədən təmin edilməsi;
19.1.3. energetika sahəsinin inkişaf planlarının, energetika obyektlərinin yerləşdirilməsinin ölkə iqtisadiyyatının mövcud ehtiyacları, perspektiv inkişaf planları, əhalinin sayının proqnozlaşdırılan artımı və yaşayış məntəqələrinin perspektiv inkişaf planları ilə uzlaşdırılması;
19.1.4. energetika sahəsinin inkişafının dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər (bundan sonra – dövlət proqramları) əsasında həyata keçirilməsi;
19.1.5. energetika obyektlərində və enerji istehlakında səmərəliliyin artırılması və itkilərin azaldılması;
19.1.6. bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının təşviqi;
19.1.7. energetika sahəsinə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi, bu məqsədlə, bu Qanun və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilmiş formada energetika sahəsində fəaliyyətlərin ayrılması nəticəsində yaranan fəaliyyət növləri üzrə dövlətə məxsus hüquqi şəxslər və dövlət əmlakının müqavilələr əsasında idarəetməyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, həmçinin bu fəaliyyət sahələrində dövlət-özəl tərəfdaşlıq layihələrinin tətbiqi.

Maddə 20. Energetika sahəsində dövlət proqramları

20.1. Energetika sahəsinin dayanıqlı inkişafı üzrə bu Qanunun 19-cu maddəsində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qısamüddətli (5 il müddətinə), ortamüddətli (5 ildən 10 ilə qədər müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul edilir.
20.2. Energetika sahəsində dövlət proqramlarının layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Maddə 21. Ətraf mühitin mühafizəsi və ətraf mühitə zərərin vurulmasının qarşısının alınması

21.1. Energetika sahəsində fəaliyyət “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və texniki reqlamentlərə uyğun olaraq, ekoloji tarazlığın qorunması şərtilə həyata keçirilir.
21.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun Əlavəsində nəzərdə tutulan energetika sahəsində fəaliyyət növlərinin, habelə mövcud energetika obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi həmin Qanuna uyğun olaraq həyata keçirilir.
21.3. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun Əlavəsində nəzərdə tutulan energetika sahəsində fəaliyyət növləri üzrə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazənin alınması üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi də təqdim edilir. Həmin sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icazənin verilməsindən imtina barədə qərar qəbul edir.
21.4. Ətraf mühitin energetika subyektləri və enerji istehlakçıları tərəfindən normativ hüquqi aktlarla müəyyən edilmiş normadan artıq çirklənməsinə yol verilmir. Energetika subyektləri ətraf mühitə atılan istixana qazı emissiyalarının miqdarının azaldılması, torpaqların və su hövzələrinin neftlə və neft məhsulları ilə çirklənməsinin qarşısının alınması, eləcə də ətraf mühitə zərər vuran digər tullantıların təsirinin azaldılması üçün tədbirlər görürlər.

Maddə 22. Ətraf mühitə və üçüncü şəxslərə vurulmuş zərərin aradan qaldırılması

22.1. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, energetika subyektinin təqsiri üzündən ətraf mühitə dəymiş zərər həmin zərəri vuran energetika subyekti tərəfindən aradan qaldırılır və ya ətraf mühitə dəymiş zərərin əvəzi tam olaraq ödənilir.
22.2. Energetika subyektinin təqsiri üzündən üçüncü şəxslərin həyat və sağlamlığına və əmlakına dəymiş zərərin əvəzi həmin zərəri vuran energetika subyekti tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş həcmdə və qaydada ödənilir.
22.3. Energetika obyektlərinin istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Maddə 23. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsasları və enerji təminatının dayanıqlılığına nail olmaq üçün həyata keçirilən enerji effektivliyi üzrə tədbirlər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

Maddə 24. Bərpa olunan enerji mənbələrindən istifadə

Bərpa olunan enerji mənbələrindən enerjinin istehsalının təşviqi üçün dəstək mexanizmləri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

Maddə 25. Energetika sahəsində özəl investisiyaların təşviqi

25.1. Energetika sahəsində Azərbaycan Respublikasının və xarici ölkələrin fiziki və hüquqi şəxsləri tərəfindən özəl investisiyaların, o cümlədən dövlət-özəl tərəfdaşlığının təşviqi energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
25.2. Energetika sahəsində özəl investisiyalar “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qorunur.

Maddə 26. Energetika sahəsində beynəlxalq əməkdaşlıq

26.1. Energetika sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
26.2. Dövlətin beynəlxalq, regional və qlobal enerji layihələrində iştirakı enerji təhlükəsizliyinin prioritetliyi nəzərə alınmaqla həyata keçirilir.

6-cı fəsil
Yekun müddəalar

Maddə 27. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

Maddə 28. Bu Qanunun qüvvəyə minməsi

28.1. Bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
28.2. Bu Qanunun 15.3-cü və 15.4-cü maddələri 2025-ci il iyulun 1-dən, 8-ci, 10.2-ci maddələri və 15.6-cı maddəsinin ikinci cümləsi isə 2028-ci il iyulun 1-dən qüvvəyə minir.
28.3. Bu Qanun qüvvəyə mindiyi gündən “Energetika haqqında” Azərbaycan Respublikasının 1998-ci il 24 noyabr tarixli 541-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 53; 2006, № 8, maddə 657; 2018, № 3, maddə 378; 2019, № 11, maddə 1689; 2021, № 7, maddə 701; 2022, № 7, maddə 696; 2023, № 7, maddə 886; Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 989-VIQD nömrəli Qanunu) ləğv edilir.

 


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2023-cü il

Qanunlar 2023-12-05 13:51:00