×
A
A
A
Sazlamalar

Türkiyəli mütəxəssis: İstedadlı oyunçuları Azərbaycan basketboluna qazandırmaq istəyirəm

Bakı, 5 dekabr, AZƏRTAC

Fasiləyə kimi “Cəlilabad”, “Sumqayıt” və “Şəki”yə qarşı oyunlarımız var. İnanıram ki, oyunçularım bu oyunlarda yaxşı çıxış edəcəklər və qələbə qazanacaqlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” basketbol komandasının türkiyəli baş məşqçisi Bədri Meriç deyib.
Türkiyəli mütəxəssis məğlub olduqları oyunlarda təcrübəsizliyin qurbanı olduqlarını bildirib: “Ölkə çempionatındakı 5 məğlubiyyətimizdən dördünü mövsümün sonunda yarımfinala vəsiqə qazana biləcək komandalardan almışıq. Bu nəticələrin bizim üçün böyük itki olduğunu düşünmürəm. “Xırdalan”a 4-cü turda qalib gəldiyimiz oyundan sonra yaxşı performans nümayiş etdiririk. “Sərhədçi”yə qarşı görüşdə18 top fərqi ilə önə keçsək də, nəticədə məğlub olduq. “Neftçi” ilə matçda isə sona 50 saniyə qalmış hesabı bərabərləşdirmişdik. Təəssüf ki, oyunçularımın gənc və təcrübəsiz olması məğlubiyyətimizə səbəb oldu”.
Baş məşqçi düzgün yolda addımladıqlarını və məqsədinin Azərbaycan basketbolu üçün gənc oyunçular yetişdirmək olduğunu da söyləyib: “İndi düzgün yolla gedirik. Hər şeydən məmnunam. Heyətimizdə olan yerli gənc basketbolçuları ölkənizin bu idman növündəki inkişafına töhfə verməsi üçün qazandırmaq istəyirəm. Azərbaycan Basketbol Liqasında işləyən üç türkiyəli məşqçidən biriyəm. Türkiyə basketbol ölkəsidir. 1982-ci ildə milli komandalar səviyyəsində Balkan, həmçinin 1996-da Avropa çempionu olmuşuq. 2010-cu ildə dünya ikinciliyini əldə etmişik. Azərbaycana da gəlməyimdə məqsəd odur ki, buradakı istedadlı oyunçuları ölkə basketboluna qazandırım. Digər tərəfdən “Gəncə”ni də pley-offa salmaq niyyətindəyik. Bunun üçün də var gücümüzlə çalışırıq”.

İdman 2023-12-05 13:11:00