×
A
A
A
Sazlamalar

Şəki-Zaqatala bölgəsində məktəbəhazırlıq qruplarına resurs dəstlər paylanılır

Şəki, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün resurs dəstlərin paylanılmasına başlanılıb. Məqsəd məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən resurs dəstlər yalnız məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulur. Resurs dəstlərinə A4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər müvafiq vəsaitlər daxildir. Bu resurslar məktəbəhazırlıq qruplarının tədris materiallarına olan ehtiyaclarını təmin edəcək.
İdarədən verilən məlumata görə, 2023-2024-cü tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 365 ümumi təhsil müəssisəsinin 366 məktəbəhazırlıq qrupuna 5754 uşaq cəlb olunub.

 

Regionlar 2023-12-05 12:41:00