×
A
A
A
Sazlamalar

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası işə başlayıb

Kasane, 5 dekabr, AZƏRTAC

Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 9-dək keçiriləcək sessiyada 72 iştirakçı dövlət tərəfindən təqdim edilmiş 55 yeni elementin siyahıya salınmasına baxılacaq.
Bu sessiyada mədəniyyətin qorunması üzrə qlobal hüquqi arsenalını gücləndirmiş və genişləndirmiş UNESCO Konvensiyasının 20 illik yubileyi də qeyd ediləcək.
Bu sessiyada qurumun 181 iştirakçı dövlətini təmsil edən Komitənin 24 üzv dövləti Konvensiyanın Siyahılarına yazılmaq üçün ümumilikdə 55 namizədliyi, eləcə də Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına yazılmaq üçün 45 müraciəti araşdıracaq. Bəşəriyyətin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün 6 təklif və Yaxşı Mühafizə Təcrübələri Reyestrinə seçilmək üçün 4 təklif təqdim olunub.
Komitə həmçinin Paraqvay və Zimbabve tərəfindən təqdim edilmiş beynəlxalq maliyyə yardımı üçün 2 sorğu ilə bağlı qərar verəcək və əvvəllər sadalanan elementlərin statusu ilə bağlı bir sıra hesabatları araşdıracaq.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kasane

Mədəniyyət 2023-12-05 12:29:00