×
A
A
A
Sazlamalar

Yaradıcılığının əsas mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan sənətkar

Bu gün Xalq artisti Əşrəf Yusifzadənin doğum günüdür

Bakı, 5 dekabr, AZƏRTAC
Yaradıcılığının əsas mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Yusifzadə daxili temperamenti, gur səsi, pafoslu danışıq ahəngi, klassik faciə obrazların mahir ifaçısı kimi yaratdığı bənzərsiz obrazlar qalereyası ilə Azərbaycan teatr tarixində özünəməxsus yer tutur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanlı teatr və kino aktyoru, Xalq artisti Əşrəf Yusifzadənin anadan olmasının 117-ci ildönümü tamam olur.
Əşrəf Yusifzadə 1906-cı il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşına kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub. Həmçinin o məktəbdə dram dərnəyinin fəallarından olub.
Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə dəbdə olan “Rabfaka” (fəhlə fakültəsinə) daxil olub, eyni zamanda, İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandan Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin “Zorən təbib” komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının “Aydın” (Dövlət bəy), Qabriel Sundukyanın “Pepo” (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb.
1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını cəsarətlə çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barmaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanıb, kollektivin populyar aktyoru kimi sevilib. Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları Əşrəf Yusifzadə ifa edib.
Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə görkəmli səhnə xadimi Rəmziyə Veysəlova ilə ailəli olub.
Əşrəf Yusifzadə 1963-cü il aprelin 7-də dünyasını dəyişib.

Mədəniyyət 2023-12-05 11:56:00