×
A
A
A
Sazlamalar

Qalxanabənzər vəzi hormonlarının çoxluğu demensiyaya səbəb ola bilər

Bakı, 4 dekabr, AZƏRTAC

Amerika alimləri tireotoksikozla demensiya arasındakı əlaqəni təsdiqləyiblər
AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, yaşlılarda xəstəlik və ya dərman qəbul edilməsi nəticəsində bədəndə qalxanabənzər vəzi hormonlarının çoxalması idrak funksiyasının pozulmasına səbəb ola bilər. Con Hopkins Universitetinin alimləri bu nəticəyə gəliblər. Aparılan tədqiqatın nəticələri “JAMA Internal Medicine” jurnalında dərc olunub.
“Məqsədimiz qalxanabənzər vəzi hormonlarına əsaslanan preparatların zehni sağlamlığa zərər verib-verməyəcəyini öyrənməkdən ibarət idi" - deyə tədqiqatın müəlliflərindən biri Roy Adams bildirib.
Tədqiqatçılar 65 yaşdan yuxarı 65.931 xəstənin elektron tibbi qeydlərini araşdırıblar. Bu şəxslər 2014-2023-cü illər arasında Con Hopkins tibb müəssisələrində müşahidə ediliblər. Nəticələr, hormonların miqdarının artmasına gətirib çıxaran səbəblərin qalxanabənzər vəzi xəstəliyi və ya hormonal tərkibli dərman vasitələrinin qəbul edilməsi ilə bağlı olub-olmamasından asılı olmayaraq, izafi qalxanabənzər vəzi hormonlarının və ya tirotoksikozun istənilən halda demensiya riskini artırdığını sübuta yetirib.
75 yaşına qədər insanlarda tirotoksikoz xəstələrinin 11 faizində qalxanabənzər vəzi hormonları normal olan insanların 6.4 faizi ilə müqayisədə zehni sağlamlıq pozğunluqları meydana gəldiyi ortaya çıxıb.
Tədqiqat müəllifləri hormonal dərmanlarla müalicənin təyin edilməsi zamanı fəsadlı nəticələrin qarşısının alınması üçün dozanın düzgün təyin edilməsinin zəruriliyini vurğulayıblar.

Cəmiyyət 2023-12-04 18:04:00