Ekspertlər: İqlim qərarları sayəsində neft-qaz hasilatı azalmayacaq
Bakı, 4 dekabr, AZƏRTAC
Dubayda dünya liderlərinin iştirakı ilə davam edən COP28 sammitində mədən yanacağı ilə bağlı qəbul edilən qərarlar neft-qaz sektorunda hasilatın azalmasına gətirib çıxarmayacaq.
AZƏRTAC xəbər verir ki, enerji üzrə mütəxəssislər BBC-yə müsahibələrində qazıntı yanacağı emissiyalarını azaltmağa yönəlmiş COP28 iqlim danışıqlarına ev sahibliyi edən ölkənin - Birləşmiş Ərəb Əmirliklərinin belə öz neft hasilatını artırdığını bildiriblər. Neft bazarı kəşfiyyatında beynəlxalq “qızıl standart” hesab edilən analitiklərə görə, bu ölkənin dövlət neft şirkəti - ADNOC 2030-cu ilə qədər 42 faiz daha çox qazma işləri apara bilər. Eyni zamanda, 2023-2050-ci illər arasında Səudiyyə Ərəbistanının da daha çox neft hasil edəcəyi gözlənilir.
ADNOC şirkəti bildirib ki, proqnozlar faktiki hasilatı deyil, neft hasil etmək qabiliyyətini əks etdirir. O, növbəti dörd il ərzində istehsal gücünü 7 faiz artırmaq planlarını artıq açıq şəkildə bəyan etdiyini bildirib. Şirkət qarşıdakı onilliklər ərzində neft və qaza geniş ehtiyac olacağının hamı tərəfindən qəbul edildiyini və öz fəaliyyətini bərpa olunan enerjiyə keçid də daxil olmaqla, iqlimə daha uyğunlaşdırdığını bəyan edib.
Məlum olduğu kimi, COP28 sammiti əsas diqqəti neft və qaz da daxil olmaqla, qazıntı yanacaqların mərhələli şəkildə azaldılması və ya dayandırılması məsələlərinə yönəldib. COP28-in prezidenti Sultan Əl-Cabir həm də ADNOC-un baş icraçı direktorudur.
Beynəlxalq Enerji Agentliyinin (BEA) etimad etdiyi “Rystad Energy” enerji tədqiqatları təşkilatı da iri hasilatçı ölkələrin və aparıcı neft şirkətlərinin yeni yataqların kəşf edilməsinə böyük sərmayələr ayırmaq planlarının olduğunu bildirib. Onun araşdırmaları əsasında geniş icmal hazırlayan “Global Witness” şirkəti 2050-ci ilə qədər ən yaxşı neft istehsalçılarının siyahısını tərtib edib. BƏƏ bu siyahıda Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur. Hazırda isə Əmirliklər dünyada 12-ci yerdədir.
“Rystad Energy” bu onillikdə hasilatın 42 faiz artacağını, 2023-cü ildə bir milyard bareldən bir qədər çox olan hasilatın 2030-cu ilə qədər təxminən 1,5 milyard barelə çatacağını bildirib. Məlumatlar göstərir ki, bu aqressiv genişlənmənin 2030-cu illərdə də davam edəcəyi gözlənilir. Amma əsrin ortalarına doğru bütün dünyada hasilatın azalacağı ehtimal edilir.
“Climate Analytics” təşkilatının eksperti Bill Hare bildirib ki, COP28-də qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün neft-qaz hasilatı və istehlakı ilə bağlı qəbul edilən qərarların icrası inandırıcı deyil. Belə ki, 2050-ci ilədək Səudiyyə Ərəbistanı ümumilikdə 101,1 milyard barel, BƏƏ 35,9 milyard barel, İran 32,1 milyard barel neft hasil edəcək.
Bununla yanaşı beş nəhəng enerji şirkəti - “Shell”, BP, “ExxonMobil”, “Chevron”, “TotalEnergies” və “ConocoPhillips” də hasilat və istehsal gücünü artıracaq. Təhlillərə görə, 2050-ci ilə qədər təkcə ADNOC-un artan istehsalından yaranan emissiyalar 14 milyard tondan çox CO2 təşkil edəcək ki, bu da mütəxəssislərin fikrincə, temperaturu 1,5 dərəcə Selsidən aşağı saxlamaq üçün Yerin bütün büdcəsinin 6 faizdən çoxunu təşkil edir.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol deyib ki, COP28-in hədəfləri neft şirkətlərinin planları ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, şirkətlər daha çox neft hasil etmək gücünə malikdir, lakin bazarda təklifin çox olması və ya OPEC karteli tərəfindən onlara qoyulan məhdudiyyətlər səbəbindən bu gücün hamısını istehsal etməyə bilərlər.
ADNOC-un sözçüsü isə bildirib: “Biz açıq şəkildə bildirdik ki, hasilat gücümüzü gündə təxminən 4,65 milyon bareldən 2027-ci ilə qədər gündə beş milyon barelə qədər artırırıq. Bu, hasilat gücünün 7 faiz artması deməkdir". O əlavə edib ki, bu, istehsal gücüdür və mütləq istehsal həcmi deyil."
Bütün enerji keçid ssenariləri BEA və “Rystad Energy” tərəfindən qəbul edilir və ekspertlər hesab edirlər ki, əsrin ortalarında da enerji tələbatını ödəmək üçün müəyyən səviyyədə neft və qaza ehtiyac olacaq.
Ekspertlər bildirirlər ki, gələcək neft hasilatı və tələbi ilə bağlı çoxlu naməlum məqamlar var ki, bu da qlobal bazara təsir edə bilər. Bununla belə, “yaşıl” siyasət liderləri, eyni zamanda, yeni neft qazma imkanlarına da sadiqdirlər.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Şuşa sakini: Sonuncu dəfə nə vaxt bu qədər xoşbəxt olduğumu xatırlamıram
Şuşaya köçən sakin: Orada yeni həyat qurmağa gedirik