×
A
A
A
Sazlamalar

İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair məsələlər müzakirə olunub

Bakı, 4 dekabr, AZƏRTAC

Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” qərardadda əskini tapan məsələlərin müzakirə edilməsi məqsədilə Ali Məhkəmədə dövlət qurumlarının nümayəndələrinin və vəkillərin iştirakı ilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin İnzibati kollegiyasının sədri Xəqani Məmmədov ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqi ilə bağlı görülən işlər, eləcə də inzibati mübahisələrə baxılarkən meydana çıxan problemlər barədə iştirakçılara ətraflı məlumat verib. O, bu il noyabrın 6-da qəbul edilən “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” qərardad hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi daşıdığını bildirib.
Qeyd edilib ki, Ali Məhkəmənin əsas funksiyası hüququnun eyni cür tətbiqi üzrə vahid məhkəmə təcrübəsini yaratmaq, onun davamlılığına nail olmaq və həmin təcrübənin cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşdırılmasını təmin etməkdən ibarətdir. Kassasiya şikayətinin Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla xüsusi əsaslandırma tələblərinə uyğun verilməsi tələbi, məhkəmənin məhz hüquq məhkəməsi kimi fəaliyyətinin və hüquqi məsələlərin həllinə yanaşmaların sabitliyinin təmin edilməsinə yönəlmiş məqsədə xidmət edir.
Onun sözlərinə görə, kassasiya şikayəti verənlərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunmalı, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınmalıdır. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
Tədbirdə digər çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

 

 

Cəmiyyət 2023-12-04 14:44:00