×
A
A
A
Sazlamalar

COP28 çərçivəsində “yaşıl” energetika üçün vacib olan faydalı qazıntıların idarə edilməsi üzrə komissiya yaradılıb

Bakı, 4 dekabr, AZƏRTAC

BMT-nin iqlim üzrə COP28 konfransında inkişaf etməkdə olan ölkələrin liderləri Zirvə görüşü zamanı BMT-nin Baş katibi Antonio Quterreş qazıntı yanacağından bərpa olunan enerji mənbələrinə “ədalətli və dayanıqlı” keçidi təmin edəcək komissiyanın yaradıldığını elan edib. Enerji keçidi üçün kritik mühüm materiallar üzrə təklif olunan komissiyanın tərkibinə hökumətlərin nümayəndələri, beynəlxalq təşkilatlar, sənaye və vətəndaş cəmiyyəti təmsilçiləri daxil olacaqlar. Komissiya qarşıdakı illərdə qazıntı materialları sənayesinin rəhbər tutacağı universal və könüllü prinsiplərini işləyib hazırlayacaq.
AZƏRTAC xəbər verir ki, qazıntı yanacağından imtina edilməsinin qatı tərəfdarı olan Antonio Quterreş inkişaf etməkdə olan 77 ölkənin liderlərinə, həmçinin Çinin rəhbərliyinə COP28 sammiti iştirakçılarının bərpa olunan enerji gücünün üçqat artırılması, səmərəliliyin səviyyəsinin iki dəfə çoxaldılması və 2030-cu ilədək “təmiz” enerjiyə ümumi əlçatanlığın təmin olunması üzrə öz üzərinə öhdəliklər götürməsinin vacibliyini söyləyib. Baş katib vurğulayıb ki, mineral ehtiyatlar qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılması üzrə Paris Sazişinin hədəflərinə nail olunmasında çox böyük əhəmiyyətə malikdir.
A.Quterreş əlavə edib: “ “Təmiz” energetika sahəsində inqilab” etmək, külək energetikası, günəş panelləri və akkumulyatorları üçün mühüm mineralların çıxarılması dayanıqlı və ədalətli şəkildə həyata keçirilməlidir”. O qeyd edib ki, qiymətləndirmələrə görə, mis, litium, kobalt kimi faydalı qazıntılara tələbat 2030-cu ilədək təxminən dörd dəfə artacaq.
“Yaşıl” energetika bumu zəngin xammal ehtiyatlarına malik olan inkişaf etməkdə olan ölkələrə öz iqtisadiyyatlarını şaxələndirmək və transformasiya etmək imkanı verəcək. Lakin ehtiyatların idarə edilməsi üzrə tövsiyələrin olmaması geosiyasi riskləri, ekoloji və sosial problemləri dərinləşdirə bilər.
Quterreş qeyd edib: “Biz keçmişin səhvlərini təkrar edə bilmərik”. Həmin dövrdə inkişaf etməkdə olan ölkələr xammal istehsalı üçün sistematik şəkildə istismara məruz qalırdı.
“Yaşıl” keçidin təmin edilməsinin davamlılığı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası elan edilməsi, bərpa olunan enerji mənbələrinin artırılması, bu sektorlara özəl investisiyaların cəlb edilməsinə şərait yaradılması ölkəmizin energetika sənayesinin inkişafının əsas istiqamətlərindəndir. Azərbaycan dünyanın müxtəlif şirkətləri və investorları ilə günəş və külək elektrik stansiyalarının tikintisinə dair sazişlər və memorandumlar imzalayıb. Onlardan sonuncusu oktyabr ayında SOCAR ilə BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1 giqavat olan günəş və külək elektrik stansiyalarının tikintisinə dair imzalanıb. Azərbaycan 2030-cu ilə qədər ümumi enerji balansımızda bərpa olunan enerji mənbələrinin payının artırılması hədəfinə və ya hədəflərinə vaxtından əvvəl nail olmağı planlaşdırır.

Cəmiyyət 2023-12-04 14:42:00