×
A
A
A
Sazlamalar

DSX: Ötən ay ümumi dəyəri 5 milyondan çox olan qaçaqmal saxlanılıb

Bakı, 4 dekabr, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) 2023-cü ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam еtdirib.
DSX-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb, onların 18-i Azərbaycan, 10-u Pakistan, 5-i İran, 1-i Şri-Lanka, 1-i Tacikistan, 1-i Əlcəzair, 1-i Hindistan və 1-i Nigeriya vətəndaşı оlub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 14 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport və özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Sərhəd rejim qaydalarını pоzduqlarına görə 925 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda оlan 387 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib, ölkədən çıxışı qadağan olunan 408 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 24 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 191 kiloqram 35 qram narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6523 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 558 min 247 manat olan qaçaqmal, о cümlədən narkotik vasitə, elektroşok, dərman preparatları və tütün məmulatları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.



 

 

 

Cəmiyyət 2023-12-04 14:15:00