Ekspert: Qızılcadan qorunmaq üçün ən güclü müdafiə peyvənd olunmaqdır
Bakı, 4 dekabr, AZƏRTAC
Qızılca xəstəliyi xüsusən uşaq yaşlarında meydana çıxan və eyni zamanda yetkin insanlarda müşahidə olunan virus mənşəli xəstəlikdir. yüksək temperatur, halsızlıq, boğaz ağrıları və eyni zamanda bədəndə spesifik səpgilərin olması ilə özünü büruzə verən xəstəliyə indi tez-tez rast gəlinir. Artıq bütün dünyada, o cümlədən Azərbaycanda həmin virusa qarşı kütləvi peyvəndləmə aparılmasına başlanılıb.
Əksər valideynlər uşaqlarını qızılca və digər infeksion xəstəliklərə qarşı peyvənd etdirdiklərini deyir. Lakin buna skeptik yanaşanlar da var. Məsələn, peyvəndin bir sıra fəsadlara səbəb olması ilə bağlı internetdə yayılan xəbərlər bəzi valideynlərdə buna qarşı xof yaradır.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyevin verdiyi məlumata görə, son vaxtlar qızılca xəstəliyinin yoluxdurma riskinin yüksək olması narahatlıq doğurur. Hava-damcı yolu ilə digərlərinin yoluxma ehtimalı 90 faiz təşkil edir. Ona görə əsas çıxış yolu kimi vaksinasiya tədbirləri nəzərdə tutulur: “Vaksinasiya qızılca virusuna qarşı 95 faiz qoruyuculuğa sahibdir, qalan 5 faizində isə xəstəliyin yüngül dərəcədə keçməsini təmin edir. Virus mənşəli hər hansı infeksion xəstəlikdə ən düzgün müdafiə yol və ən güclü müdafiə vaksinasiyadır. Valideyn uşağının peyvənd olunub-olunmadığını bilmirsə, xüsusi testlər vasitəsilə yoxlatdıra bilər. Testin nəticəsi orqanizmində virusa qarşı anticisimin yarandığını göstərirsə, deməli peyvənd olunub”.
İmmun sistemi zəif olan və xroniki xəstəliklərdən əziyyət çəkən yetkin insanlar da anticisim testi verərək qızılca xəstəliyini keçirib-keçirmədiyini yoxlaya bilər. Əks təqdirdə xəstəlik daha ağır formada özünü büruzə verə bilər. Xəstəliyi keçirənlər və ya vaksin olunanlar isə qızılcadan həyatlarını sığortalamış olurlar. Vaksinasiyaya gəldikdə isə mütəxəssis bildirib ki, ölkə ərazisində qızılcaya qarşı gətirilən bütün vaksinlər - istər dövlət, istərsə də özəl xəstəxanalarda - eyni tərkiblidir və peyvənddən ağırlaşma halları müşahidə olunmur.
COP16 çərçivəsində ümumi dəyəri 225 milyon Səudiyyə rialı olan beş yeni təşəbbüs təqdim edilib
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ətraf mühitlə bağlı əməkdaşlıq imkanları müzakirə olunub
Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verilib
Nazir: Azərbaycanla Qvineya-Bisau arasında qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir