×
A
A
A
Sazlamalar

FHN inşası aparılan yaşayış binası ilə bağlı sosial şəbəkələrdə yayımlanan videoya aydınlıq gətirib VİDEO

Bakı, 4 dekabr, AZƏRTAC
Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 santimetr və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 millimetr olmasının iddia edildiyi video yayılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə "TRVEGE" MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır. Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 santimetr və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 millimetr göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edilib ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir.
Həmçinin sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayıb yaydığını etiraf edib.

 

Cəmiyyət 2023-12-04 13:08:00

Video