×
A
A
A
Sazlamalar

ÜST: İqlim dəyişmələri ilə bağlı səbəblər ucbatından hər il 250 min nəfər dünyasını dəyişəcək

Bakı, 4 dekabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim konfransının gündəliyinə səhiyyə məsələləri də salınıb. Tədbir iştirakçıları bəyan ediblər ki, bu mövzunun vaxtı çoxdan çatıb, iqlimə münasibətdə fəaliyyətsizlik isə hər gün insanların həyatına son qoyur və bütün dünyada əhalinin sağlamlığına öz təsirini göstərir.
Planetimizdə ildən-ilə daha yüksək orta temperaturlar qeydə alınır: 2023-cü il bütün müşahidə tarixi ərzində ən isti il olacaq. Bəzi regionlarda meşə yanğınları havanı təhlükəli edib, bəzilərində isə daşqınlar içməli suyun çirklənməsinə gətirib çıxarıb.
İqlim dəyişməsi sağlamlığa mövcud olan təhdidləri genişləndirir və ictimai səhiyyə sahəsində yeni problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yaxın onilliklərdə iqlim dəyişmələri ilə bağlı səbəblər ucbatından hər il 250 min nəfər dünyasını dəyişəcək.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COP28-ə toplanan nümayəndələrə bəyan edib ki, iqlim sarsıntılarının insan sağlamlığına birbaşa təsiri məsələsini əhatə etmək üçün ətraf mühitin gigiyenası, dəniz səviyyəsinin yüksəlməsi və buzlaqların əriməsi barədə diskussiyaları genişləndirməyin vaxtı çoxdan çatıb.
BMT-nin iqlim konfransının keçirildiyi tarix ərzində ilk dəfə olaraq təşkil edilən “Sağlamlıq günü” bir neçə mövzuya, o cümlədən iqlim dəyişmələri və səhiyyə sahəsində hökumətlər və özəl sektor arasında əməkdaşlığa həsr edilmişdi.
Söhbət tərəflərin öz üzərlərinə müvafiq maliyyə və siyasi öhdəlikləri götürəcəklərindən gedir.
Forumda səhiyyə, ətraf mühit və maliyyə nazirləri, eləcə də tanınmış xeyriyyəçi Bill Qeyts və ABŞ-ın iqlim üzrə elçisi Con Kerri çıxış ediblər. “İqlim böhranının sağlamlıq sahəsində də böhran yaratmasına baxmayaraq, bundan əvvəlki 27 konfransda səhiyyə məsələləri müzakirə olunmayıb”, - deyə Tedros Qebreyesus vurğulayıb. O qeyd edib ki, ÜST iqlim dəyişmələri sahəsində tədbirlər üzrə ümumdünya sammitinin gedişatında liderlər tərəfindən bəyənilən, insanların artan iqlim təsirlərindən müdafiəsi üzrə tədbirlərin sürətləndirilməsi barədə yeni bəyannaməni alqışlayır.
ÜST-nin məlumatına görə, artıq 3 milyarddan çox adam iqlim dəyişmələrinə əhəmiyyətli dərəcədə məruz qalan rayonlarda yaşayır. 2030-2050-ci illər ərzində iqlim dəyişmələrinin təkcə doyunca qidalanmamaq, malyariya, diareya və günvurma səbəblərindən əlavə hər il on minlərlə ölüm halına gətirib çıxaracağı gözlənilir.
Bu fəsadlar bütün dünyada sağlamlıq və gündəlik həyatda hiss olunur, əsas zərbə isə əksər hallarda yerli xalqların icmalarının payına düşür.
ÜST-nin başçısı nazirlər səviyyəsində iclasda çıxışında səhiyyə və iqlim sahəsində böhrana cavab olaraq effektli tədbirlərin işlənib hazırlanması üçün həlledici əhəmiyyət kəsb edən bir neçə elementi ayırıb. O qeyd edib ki, liderlər iqlim siyasətinin işlənib hazırlanmasında səhiyyə məsələlərini nəzərə almağın çox mühüm olmasını başa düşməlidir.
ÜST-nin Baş direktoru ayrı-ayrı icmalarla, o cümlədən iqlim dəyişmələri ilə mübarizədə əksər hallarda ön sırada olan əhalinin həssas qrupları ilə qarşılıqlı fəaliyyətin zəruriliyinə xüsusi diqqət çəkib.
Doktor Tedros səhiyyə sahəsindəki hədəflərə daha çox vəsaitin ayrılmasına çağıraraq, bu sahədə ölkələr arasında əməkdaşlığın vacibliyini qeyd edib. “İrəliyə yol aşkardır: biz velosiped kəşf etməli deyilik”, - deyə o vurğulayıb.

Cəmiyyət 2023-12-04 12:54:00