×
A
A
A
Sazlamalar

Kodeks Alimentariusun 60 illiyinə həsr olunan xususi jurnal nəşr olunub

Bakı, 4 dekabr, AZƏRTAC
Kodeks Alimentarius Komissiyasının fəaliyyətə başlamasının 60 illiyinə həsr olunmuş xüsusi jurnal nəşr olunub.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəşrdə ötən aylarda Qida Təhlükəsizliyi Agentliyinin 5 və Kodeksin 60 illiyinə həsr olunan “Qida standartları həyatları xilas edir” mövzusunda Bakıda keçirilmiş tədbir haqqında məlumat öz əksini tapıb.
Həmçinin agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri – Kodeks Alimentariusun Azərbaycan üzrə milli əlaqələndiricisi Ramazan Nəbiyevin “Kodeks əlaqələndiricisinin bir günü” mövzusunda məqaləsi dərc edilib.
Məqalədə Kodeks tərəfindən qəbul olunan qida standartları və tələbləri ilə bağlı məlumatların ölkəmizdəki maraqlı tərəflərlə bölüşülməsi, həmçinin müvafiq sənədlərin yerli qanunvericiliyə uyğunlaşdırılması məsələlərinin iş prinsipi haqqında məlumat verilərək qeyd edilib ki, emal, istehsal və ixracla məşğul olan yerli sahibkarlıq subyektlərinin beynəlxalq tələb və standartlara cavab verməsi istiqamətində təkmilləşdirmə işləri və təşviq kampaniyaları icra olunur.
Qeyd edək ki, bu il sentyabrın 14-15-də Bakıda “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kodeks Alimentarius Komissiyası və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə “Qida standartları həyatları xilas edir” mövzusunda agentliyin 5 illiyinə və Kodeksin 60 illiyinə həsr olunmuş tədbir keçirilib.

Cəmiyyət 2023-12-04 12:53:00