×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Respublikanın 5 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb

Bakı, 4 dekabr, AZƏRTAC

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 5 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı Ağdaş rayonunun Tofiqi, Qusar rayonunun Xuluq, İsmayıllı rayonunun Tircan kəndləri ərazisində, Abşeron rayonunun İsrəfil Məmmədov, Bakı şəhərinin Xətai rayonu, Rahib Məmmədov küçələrində meşə fonduna daxil olmayan, ümumilikdə 750 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 83 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Cəmiyyət 2023-12-04 12:17:00