×
A
A
A
Sazlamalar

Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirir

Bakı, 4 dekabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal miqyasda olduqca əhəmiyyətli tədbirlərdən biridir. Konfrans 1995-ci ildən bəri hər il keçirilir. Həmin tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq həmin konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda isə iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirəyə çıxarılıb və 2015-ci ildə qəbul edilib. Bu günədək 195 ölkə həmin razılaşmaya qoşulub.
Hazırda Dubayda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 olduqca böyük əhəmiyyətə malikdir. Çünki həmin tədbirdə 100-dən çox dövlət və hökumət başçısı, nazirlər, dövlətlərin ekologiya siyasətini həyata keçirən qurumların rəhbərləri iştirak edir. Ümumilikdə 100 minə yaxın nümayəndə qatılıb. Ona görə Azərbaycanın bu qədər böyük və genişmiqyaslı tədbirdə iştirak etməsi ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın azad olunmuş ərazilərində vaxtilə işğalçı qüvvələrin həyata keçirdiyi ekoloji cinayətlərin, həmin torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin, o cümlədən həyata keçirilən ekoloji layihələrin dünya çapında təqdim edilməsi baxımından tədbir gözəl bir fürsətdir. Həmin tədbirdə Azərbaycanın öz pavilyonu ilə təmsil olunması isə xüsusi hadisədir.
Bunu AZƏRTAC-a müsahibəsində “Praqma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsuvarlı deyib.
Azərbaycanın hər zaman ekolojiyönümlü fəaliyyətləri dəstəkləyən bir dövlət olduğunu deyən təşkilat rəhbəri fikirlərinə belə davam edib: “Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq, bərpa olunan enerjinin istehsal və istehlak olunması baxımından bir sıra ciddi layihələr həyata keçirir. İşğaldan azad edilmiş bölgələrdə “yaşıl enerji” zonası yaradılır. Bununla bağlı Prezident İlham Əliyevin çox ciddi tapşırıqları var. Ekoloji cəhətdən sağlam ətraf mühitdə yaşamaq, ekoloji cəhətdən sağlam qida ilə təmin olunmaq həmin “yaşıl enerji” zonasının bir istiqamətidir. Bu gün çox sevindirici haldır ki, Azərbaycan istər neft, istərsə də qeyri-neft sektorunda müxtəlif ekoloji layihələr həyata keçirir. Bütün layihələr də demək olar ki, uğurla icra olunur.
Buna misal olaraq Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını xatırlatmaq olar. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük Günəş Elektrik Stansiyasıdır. Bundan başqa, Azərbaycan 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konvensiyasının 26-cı sessiyası zamanı 2050-ci ilə qədər istixana qazı emissiyalarını 1996-cı il səviyyəsi ilə müqayisədə 40 faizə qədər azaldılmasını şərtli hədəf kimi elan edib və azad edilmiş ərazilərdə 2050-ci ilə qədər karbon neytrallığı zonası yaratmaq təşəbbüsü ilə çıxış edib. Bütün bu məsələlər həmin konfransda müzakirə edilir. Əminəm ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəsi sahəsində gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunacaq”.

 

 

Cəmiyyət 2023-12-04 11:50:00