×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Quancou, 3 dekabr, AZƏRTAC

Çinin Quancou şəhərində 5-ci Dünya Media Sammiti işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə 101 ölkədən 450-dən çox qonaq, o cümlədən dövlət qurumlarının rəsmiləri, media qurumlarının və beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin xarici media ilə iş sektorunun müdiri Orxan Səttarov təmsil edir.
“Qlobal etibarlılığı artırmaq, medianın inkişafını təşviq etmək” devizi altında keçirilən sammitin açılış mərasimində və plenar iclasında çıxış edənlər, o cümlədən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat departamentinin baş icraçı direktorunun müavini Hu Hepin, Quandon vilayətinin qubernatoru Van Veycon, Sinxua agentliyinin prezidenti Fu Hua, “Reuters” agentliyinin rəhbəri Su Bruks, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və başqaları medianın müasir problemlərinə, yeni çağırışlar fonunda jurnalistlərin üzləşdiyi çətinliklərə toxunublar, medianın cəmiyyətin həyatında vacib sosial məsuliyyət daşığını qeyd ediblər. Ciddi jurnalistikanın saxta informasiya yayımı ilə mübarizədə səylərinin artırılmasının vacibliyi vurğulanıb. Çıxış edənlər dünyada sülhün, inkişafın və əməkdaşlığın təminatı üçün fəal informasiya mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Medianın işində müasir texnologiyaların, o cümlədən süni intellektin tətbiqinin faydaları vurğulanıb.
Tədbirdə qaynar ocaqlarda peşə borcunu yerinə yetirərkən həlak olan media nümayəndələrinin xatirəsi anılıb.
Müharibələr, münaqişələr, “soyuq müharibə” təfəkkürünün qlobal etimadın möhkəmlənməsinə mane olan əsas amillərdən olduğu vurğulanıb.
Qeyd olunub ki, Dünya Media Sammiti kimi platformalar müxtəlif ölkələri və xalqları bir araya gətirərək sülh və inkişafa dialoq vasitəsilə nail olmağın yollarını axtarmağa imkan verir. Bu səbəbdən də sammitin işində təkcə media qurumlarının rəhbərləri deyil, cəmiyyətin daha geniş spektrini əhatə edən təbəqələrin nümayəndələri iştirak edir. Dekabrın 8-dək davam edəcək sammitin müxtəlif mövzularda plenar və panel iclasları keçiriləcək.
Qeyd edək ki, Dünya Media Sammiti 2009-cu ildə Sinxua, “Associated Press”, “Reuters”, “Kyoda” və TASS İnformasiya Agentliyi daxil olmaqla aparıcı media qurumlarının birgə təşkilatçılığı ilə təsis edilib və elə ilk sammit də Çində, Pekində keçirilib. Ardınca Moskva və Dohada sammitlər təşkil olunub. Pandemiyanın səngiməsindən sonra digər beynəlxalq tədbirlər kimi Dünya Media Sammitinin işi də bərpa olunub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Quancou

Siyasət 2023-12-03 12:00:00

Video