Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir
Ağcabədi, 3 dekabr, AZƏRTAC
3 Dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Ağcabədi regional “ASAN Xidmət” mərkəzi, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qarabağ regional nümayəndəliyinin birgə əməkdaşlığı ilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi regional “ASAN Xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov çıxış edərək dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən, həmçinin Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti, onların sosial müdafiəsi istiqamətində icra olunan dövlət proqramları, reabilitasiya xidmətləri haqqında danışıb. Bildirib ki, əlilliyi olan şəxslərə, xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur.
GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova əlilliyi olan şəxslərin hüquqları, bundan irəli gələn və ölkəmiz üçün aktual olan problemlərdən bəhs edib. Gəncləri bu mövzuda daha aktiv olmağa və əlilliyi olan insanlarla ünsiyyət qurarkən onlara qarşı mərhəmət hissi ilə deyil, onların da bizlər kimi insan olmasına önəm vermələrinin vacibliyini vurğulayıb. O, əlilliyi olan insanların inklüziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu bildirib.
GİKM-nin Qarabağ regional nümayəndəliyinin koordinatoru Fuad Əliyev çıxışında əlilliyi olan uşaqların istedadının, potensialının üzə çıxmasında insanların davranışının və dəstəyinin vacib olduğunu qeyd edib. Bildirib ki, əlilliyi olan uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, onların qayğısına qaldıqda onlar daha böyük işlər görə bilərlər.
Tədbir çərçivəsində Ağcabədi regional “ASAN Xidmət” mərkəzinin, GTM Qarabağ ofisinin, GİKM-nin Qarabağ regional nümayəndəliyinin könüllüləri tərəfindən əlilliyi olan uşaqlara 5 bacarığın inkişafı ilə əlaqədar əl işləri üzrə praktiki məşğələlər keçirilib. Uşaqlar əyləncəli fəaliyyətlərə qoşularaq əylənək öyrəniblər.
Sonda əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qubanın Çiçi kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib
Tovuzda 5 yaşlı uşağı avtomobil vurub
Naxçıvanda çörək sexində ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb