×
A
A
A
Sazlamalar

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Sumqayıt, 2 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsində Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) maliyyə dəstəyi ilə yaradılan ofis 5 Dekabr - Ümumdünya Könüllülər Gününə bölmənin könüllülərinə hədiyyədir. Ofisin açılışında IFRC-in proqram və əməliyyatlar üzrə meneceri Serdar Günel, milli cəmiyyətin inkişafı üzrə nümayəndə Aleksandr Mordovin, Türk Qızılayın Azərbaycandakı nümayəndəsi Hüseyin Çıtak, Qızıl Aypara Cəmiyyətinin icraçı katibləri Xalidə İsgəndərova, Elşən Səlimzadə və digərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar ofisə baxış keçirib, bölmənin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti dünya üzrə təxminən 97 milyon könüllünü, üzvü və işçi heyəti əhatə edən beynəlxalq humanitar hərəkatdır, insanın həyat və sağlamlığını qorumaq, insanların əzab-əziyyətlərini yüngülləşdirmək məqsədi ilə yaradılıb. Könüllük missiyasının əhəmiyyəti və vacibliyi vurğulanaraq, könüllülük təşəbbüsünün xeyirxahlıq missiyası olduğu diqqətə çatdırılıb.
Gənclər və Könüllülər Mərkəzi üçün yaradılan ofisin könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliyinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Bölmənin fəal könüllərinə təşəkkürnamələr, həmçinin IFRC və Türk Qızılayın hədiyyələri təqdim edilib.

Regionlar 2023-12-02 23:03:00