Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) başqanı professor-doktor Hasan Mandalla görüşüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, TÜBİTAK-ın Ankara mərkəzi ofisində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasındakı əlaqələrin müasir vəziyyətindən və inkişaf perspektivlərindən bəhs edilib.
Görüş zamanı akademik İsa Həbibbəyli TÜBİTAK-ın ULAKBİM - Dərgi Parkı İnstitutu ilə rəhbərlik etdiyi elmi qurum arasında əlaqələrin inkişaf etməkdə olduğunu bildirib. ULAKBİM-in başqanı Mehmet Mirat Satoğlu ilə AMEA-da önəmli müzakirələrin aparıldığını və müvafiq qərarların qəbul edildiyini minnətdarlıqla qeyd edib.
Tərəflər 2024-cü ildə ULAKBİM layihəsindən başqa daha 5 istiqamət üzrə - süni intellekt, ortaq elmi layihələrin qarşılıqlı surətdə dəstəklənməsi, seysmologiya, arxeologiya, karbon-14 analizlərinin aparılması istiqamətlərində əməkdaşlıq əlaqələrinin qurulması ilə əlaqədar məsələləri müzakirə ediblər. Genişlənməkdə olan əlaqələrin daha səmərəli şəkildə qurulması üçün Azərbaycan Milli Elmlər Akademiyasında TÜBİTAK-ın ofisinin yaradılmasının məqsədəuyğunluğu nəzərə çatdırılıb.
Hasan Mandal AMEA ilə genişlənməkdə olan əlaqələrin Türkiyə-Azərbaycan əlaqələrində elmin rolunun daha da artmasına səbəb olacağını qeyd edərək ortaq layihələrə dəstək veriləcəyini diqqətə çatdırıb.
AMEA ilə TÜBİTAK arasında yeni anlaşma memorandumunun imzalanması qərara alınıb.
Sabirabad və Füzuli rayonlarında yeni məktəb binaları istifadəyə verilib
PMS imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə elmi əlaqələri genişləndirir
Pedaqoji Universitet yeni tələbələrini qarşıladı
Niderland Krallığının Tio Biznes Məktəbi təqaüd proqramı elan edir